Roma Papası Fransisk ötən gün 88 yaşında vəfat edib. Fevralın əvvəlindən pnevmoniya və digər infeksiyalar səbəbilə xəstəxanaya yerləşdirilən Papanın vəziyyəti bir neçə dəfə sabitləşsə də, insult, koma və ürək-damar çatışmazlığından dünyasını dəyişib.
Vatikandan verilən rəsmi məlumata görə, Papa Fransiskin dəfn mərasimi aprelin 26-da baş tutacaq. Onun vəfatı ilə əlaqədar bir sıra ölkələrdə matəm elan olunub, dünya liderləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev Vatikana başsağlığı məktubu ünvanlayıb.
Roma Papasının vəfatı Bakıda da dərin hüznlə qarşılanıb. Paytaxtdakı Müqəddəs Məryəm Katolik Kilsəsində başsağlığı kitabı açılıb.
Modern.az-ın əməkdaşı Məryəm Katolik Kilsəsində olub.
Kilsənin ibadət zalında sakitlik hökm sürür, insanlar sakitcə dua edərək, Papaya son ehtiramlarını bildirmək üçün kitabda ürək sözlərini yazırlar. Kilsənin girişində qara bayraq asılıb.
Qeyd edək ki, Roma Papası Fransisk 2016-cı il oktyabrın 2-də Bakıya rəsmi səfəri zamanı bu kilsəyə gəlib və burada yaşayan katoliklər üçün messa – dini mərasim keçirib.




