Siyasət

Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ: dəyişən dünyanın çağırışlarına ortaq yanaşma

Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ: dəyişən dünyanın çağırışlarına ortaq yanaşma

Hazırda beynəlxalq münasibətlər sistemi ciddi transformasiya dövrünü yaşayır. Qlobal geosiyasi qarşıdurmaların dərinləşməsi, enerji bazarlarında qeyri-müəyyənlik, yeni nəqliyyat marşrutları uğrunda rəqabətin güclənməsi və iqtisadi təhlükəsizlik məsələlərinin ön plana çıxması dövlətləri xarici siyasət prioritetlərinə yenidən baxmağa sövq edir. Məhz belə mürəkkəb beynəlxalq şəraitdə etibarlı tərəfdaş anlayışı əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Son illərdə həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirən geostrateji məkanda etibarlı siyasi, iqtisadi və enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin 2026-cı il iyulun 20-də Almaniya Federativ Respublikasına rəsmi səfəri də məhz bu reallığın növbəti təsdiqi oldu. Bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas kimi deyil, Azərbaycan–Avropa münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü olan Almaniyanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verməsi təsadüfi deyil. Enerji təhlükəsizliyi, yeni logistika marşrutları, yaşıl iqtisadiyyat, sənaye kooperasiyası və regional sabitlik kimi məsələlər artıq Bakı ilə Berlin arasında dialoqun əsas istiqamətlərini təşkil edir. Bugünkü beynəlxalq münasibətlər sistemində Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də regional təhlükəsizliyə, qlobal nəqliyyat bağlantılarına və iqtisadi inteqrasiyaya mühüm töhfə verən dövlət kimi qəbul edilir.
Azərbaycan ilə Almaniya arasında münasibətlərin formalaşması müstəqilliyimizin ilk illərinə təsadüf edir. Almaniya Federativ Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanıyan ilk Avropa ölkələrindən biri oldu, qısa müddət sonra isə diplomatik münasibətlər quruldu. Həmin dövrdən etibarən siyasi əlaqələr ardıcıl şəkildə inkişaf etməyə başladı. Lakin münasibətlərin strateji əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin 1996-cı ilin iyulunda Almaniyaya etdiyi rəsmi səfər xüsusi yer tutur. Həmin səfər Azərbaycanın Avropa istiqamətində həyata keçirdiyi xarici siyasətin mühüm dönüş nöqtələrindən biri idi. O dövrdə ölkəmiz iqtisadi və siyasi baxımdan yeni inkişaf mərhələsinə qədəm qoyurdu. Ulu Öndər Heydər Əliyevin Almaniyanın siyasi rəhbərliyi və iri sənaye-maliyyə dairələri ilə keçirdiyi görüşlər nəticəsində ölkəmizin investisiya mühiti barədə obyektiv təsəvvür formalaşdı, Almaniyanın aparıcı şirkətləri Azərbaycan bazarına maraq göstərməyə başladı.
Azərbaycan–Almaniya münasibətləri Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə tamamilə yeni məzmun qazanıb. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun genişlənməsi və iqtisadi əlaqələrin möhkəmlənməsi bunu açıq şəkildə göstərir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfranslarında müntəzəm iştirakı, Almaniyanın siyasi rəhbərliyi ilə keçirilən çoxsaylı görüşlər, Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri iki ölkə arasında yüksək etimad mühitinin formalaşdığını təsdiqləyir. 2026-cı ilin iyulunda baş tutan rəsmi səfər isə bu münasibətlərə yeni strateji məzmun gətirdi. Berlində keçirilən yüksək səviyyəli görüşlər zamanı Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə geniş fikir mübadiləsi apardı. Danışıqların nəticəsi olaraq “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərin institusional inkişafında mühüm hadisə oldu. Eyni zamanda Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması haqqında sənədin imzalanması iqtisadi əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu qərar sahibkarlar arasında birbaşa əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni sənaye layihələrinin həyata keçirilməsinə geniş imkanlar açacaq.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər də səfərin mahiyyətini aydın şəkildə ifadə etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Almaniya uzun müddətdir strateji dialoqun başlanmasını hədəfləyirdi və artıq bu məqsədə nail olunub. Bu fikir əslində münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas siyasi mesaj idi. Strateji dialoq iki ölkənin yalnız mövcud məsələləri deyil, uzunmüddətli regional və beynəlxalq gündəliyi də birlikdə müzakirə etmək iradəsini ortaya qoyur. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, imzalanmış Birgə Bəyannamə əməkdaşlığın bütün istiqamətləri üzrə konkret nəticələrin əldə olunmasına xidmət edəcək. Bu sənəd siyasi münasibətlərin hüquqi bazasını genişləndirməklə yanaşı, iqtisadi və humanitar əlaqələrin inkişafı üçün də yeni imkanlar yaradır. Ən mühüm məqamlardan biri isə əməkdaşlığın həyata keçirilməsi məqsədilə birgə işçi qruplarının yaradılması barədə razılığın əldə olunmasıdır. Bu mexanizm imzalanmış sənədlərin kağız üzərində qalmasına deyil, real layihələrə çevrilməsinə xidmət edəcək.
Çıxışında Prezident İlham Əliyev Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda artan roluna da diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan–Almaniya münasibətləri yalnız iki ölkənin maraqları ilə məhdudlaşmır. Bu əməkdaşlıq bütövlükdə Cənubi Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və qarşılıqlı etimadın güclənməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi regional siyasətin məntiqi davamıdır. İşğala son qoyduqdan sonra Azərbaycan bölgədə yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsü ilə çıxış edib. Kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və davamlı sülhün təmin olunması Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında yer alır. Almaniyanın da bu proseslərə maraq göstərməsi regionun gələcək inkişaf perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Samirə Hüseynova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir