Türk dünyasının iki mühüm dövləti olan Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlməkdədir. Tarixi köklərdən qaynaqlanan dostluq və qardaşlıq əlaqələri bu gün siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və humanitar münasibətlərlə daha da möhkəmlənir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri də məhz bu inkişafın növbəti mühüm mərhələsi kimi diqqət çəkir. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq amili xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında formalaşmış münasibətlər yalnız ikitərəfli xarakter daşımır, eyni zamanda daha geniş coğrafiyada iqtisadi və siyasi proseslərə təsir göstərən mühüm tərəfdaşlıq modeli kimi çıxış edir. Dövlət başçılarının Bakıda keçirdikləri görüşlər zamanı müzakirə olunan məsələlər də bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan-Türkmənistan münasibətlərinin əsasını möhkəm tarixi bağlar, mədəni yaxınlıq və ortaq mənəvi dəyərlər təşkil edir. Əsrlər boyu eyni mədəni mühitdə formalaşan xalqlarımız bu gün də qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri inkişaf etdirirlər. Bu münasibətlər təkcə keçmişdən gələn yaxınlığın nəticəsi deyil, həm də gələcəyə hesablanmış strateji əməkdaşlığın təzahürüdür.
Səfər zamanı diqqət çəkən məsələlərdən biri Qarabağda aparılan yenidənqurma və bərpa işlərinə Türkmənistanın göstərdiyi dəstək oldu. Prezident İlham Əliyev Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünə görə Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü ifadə etdi. Bu addım qardaş ölkənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyin növbəti nümunəsi kimi qiymətləndirilir.
Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə Avrasiyanın mühüm nəqliyyat marşrutları üzərində yerləşir və Şərqlə Qərbi birləşdirən kommunikasiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Xəzər dənizi üzərindən daşınan yüklərin həcminin artması, liman infrastrukturunun inkişafı və tranzit imkanlarının genişlənməsi Bakı ilə Aşqabadın əməkdaşlığını daha da aktuallaşdırır. Dövlət başçılarının görüşündə siyasi dialoqun gələcək inkişaf perspektivləri də geniş müzakirə edildi. Verilən konkret tapşırıqlar və əldə olunan razılaşmalar göstərir ki, tərəflər mövcud əməkdaşlıq mexanizmlərini daha da təkmilləşdirmək niyyətindədirlər. Bu isə müxtəlif sahələr üzrə yeni layihələrin həyata keçirilməsinə və qarşılıqlı əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında Türkmənistanın xüsusi yeri var. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında iştirakına verilən dəstək regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkmənistan regionlararası əlaqələrin genişləndirilməsində, yeni iqtisadi imkanların yaradılmasında və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində ortaq mövqedən çıxış edirlər.
Enerji sektoru da əməkdaşlığın perspektivli istiqamətlərindən biri olaraq qalır. Zəngin təbii sərvətlərə malik olan hər iki ölkə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq bazarlara çıxış imkanlarının artırılması və yeni əməkdaşlıq formatlarının formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərmək niyyətindədir. Humanitar sahədə əlaqələrin inkişafı da münasibətlərin vacib tərkib hissəsidir. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması və müxtəlif ictimai layihələrin həyata keçirilməsi xalqlar arasında yaxınlığı daha da gücləndirir. Bakı ilə Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması bu münasibətlərin davamlı xarakter daşıdığını göstərir.
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri bir daha nümayiş etdirdi ki, iki ölkə arasında münasibətlər möhkəm təməllər üzərində inkişaf edir və getdikcə daha geniş məzmun qazanır. Qarşılıqlı etimada, siyasi həmrəyliyə və ortaq maraqlara əsaslanan Azərbaycan-Türkmənistan əməkdaşlığı gələcək illərdə də yeni istiqamətlər üzrə inkişaf edərək həm iki xalqın rifahına, həm də regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.
Xeberde.az




