Hazırda dünya xəbər mexanizminin bir nömrəli mövzularından biri Venesuela prezidenti Nikolas Maduro ilə bağlıdır. ABŞ xüsusi təyinatlılarının keçirdiyi xüsusi əməliyyat, Maduronun saxlanılması, ABŞ-a aparılması və bu gün Nyu-York federal məhkəməsi qarşısına çıxarılması beynəlxalq medianın əsas gündəmini təşkil edir. Qlobal informasiya axını demək olar ki, bir nöqtəyə fokuslanıb: Maduro faktoru.
Məhz bu səbəbdən xeberde.az Nikolas Maduro ilə bağlı retrospektiv araşdırma apararkən diqqətçəkən və vaxtilə lazımi qədər dəyərləndirilməmiş bir diplomatik detala gəlib çıxıb. Həmin detal 4 il əvvəl – 2022-ci ilin 17 iyununda – Bakıda yaşanmışdı. O vaxt diqqətdən yayınan bu nüans bu gün baş verən hadisələr fonunda tamamilə yeni məna qazanır. Elə bu səbəbdən də Musavat.com yazını məhz həmin detal əsasında təqdim edir.

Bakıda üzbəüz qəbul edilməyən prezident
2022-ci il iyunun 17-də Nikolas Maduro regiona səfər çərçivəsində Azərbaycana gəlmişdi. Səfər rəsmi protokola görə sıradan bir dövlət başçısı viziti kimi görünürdü. Lakin Bakıda baş verənlər indi xatırlanmağa layiq, səssiz, amma çox şey deyən diplomatik epizod kimi yadda qaldı.
Məsələ ondadır ki, Venesuela prezidenti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fiziki olaraq qəbul edilmədi. Dövlət başçıları arasında görüş yalnız videokonfrans formatında baş tutdu.
Rəsmi açıqlamaya görə, Venesuela nümayəndə heyətinin üzvlərindən birində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı. Həmin dövrdə Azərbaycanın qüvvədə olan diplomatik və sanitar-protokol qaydalarına əsasən, Prezidentlə üzbəüz görüşəcək bütün şəxslərin test nəticələri mütləq neqativ olmalı idi. Qaydaya istinad edildi və qərar dəyişdirilmədi.
Məlumata görə, Nikolas Maduro öz COVID testinin neqativ olduğunu bildirərək görüşün canlı formatda keçirilməsində israr edib. O, yalnız heyət üzvlərindən birində pozitiv nəticə olmasını əsas gətirərək bunun görüşə maneə olmamalı olduğunu vurğulayıb. Lakin Prezident Administrasiyası bu israrı qəbul etməyib. Beləliklə, görüş yalnız ekran vasitəsilə baş tutub.
Diplomatik praktikada belə hallar mümkündür. Ancaq rəsmi səfərlə ölkəyə gəlmiş dövlət başçısının fiziki olaraq qəbul edilməməsi potensial qalmaqal yarada biləcək hadisə sayılır. Rəsmi səbəb açıqlansa da, Bakıda və diplomatik dairələrdə bu qərarın arxasında başqa səbəblərin də ola biləcəyi barədə ehtiyatlı mülahizələr səslənirdi. Həmin səbəblər nə o vaxt, nə də sonradan rəsmi şəkildə açıqlanmadı.
Nikolas Maduro o zaman Bakını incik halda tərk etmişdi. Üstəlik, bunu da heç gizlətmirdi…
Bu fakt uzun müddət geniş müzakirə olunmadı, lakin diplomatik yaddaşda qaldı.
2022-ci ildə Maduro artıq beynəlxalq miqyasda təcrid olunmuş, ABŞ və Qərb sanksiyaları altında yaşayan, legitimliyi ciddi sual altına alınan lider kimi tanınırdı. Venesuela dərin iqtisadi böhran, sosial çöküş və siyasi repressiyalar içində idi. ABŞ-la qarşıdurma açıq mərhələyə keçmişdi və Maduronun adı uzun müddətdir beynəlxalq ittiham dosyelərində yer alırdı.
Bu kontekstdə Bakıda baş verən həmin protokol qərarı bu gün artıq təsadüfi sanitariya tədbiri kimi yox, siyasi məsafənin ifadəsi kimi oxuna da bilər.

Bu gün Nikolas Maduro ABŞ məhkəməsi qarşısındadır. Dünənə qədər toxunulmaz görünən lider indi beynəlxalq güc mexanizmlərinin sərt reallığı ilə üz-üzədir. Dörd il əvvəl Bakıda səssiz şəkildə verilən diplomatik mesaj isə zaman keçdikcə öz təsdiqini tapır.
Nikolas Maduro uzun illər Vladimir Putinə və İran iqtidarına yaxınlığı ilə tanınıb, anti-Qərb siyasi oxunun fəal üzvlərindən biri olub.
Amma Azərbaycanla dost münasibətlərə malik lider kimi tanınmayıb.
2022-ci ildə Bakıda baş verən və rəsmi səbəblə izah olunan bu diplomatik nüans da məhz bunu göstərir:
Azərbaycan Maduronu yaxın tərəfdaş kimi deyil, məsafəli və ehtiyatla yanaşılan siyasi fiqur kimi qəbul edib.
Bu gün Nyu-Yorkda başlanan məhkəmə prosesi isə 4 il əvvəl verilmiş həmin səssiz qərarın nə qədər uzaqgörən olduğunu açıq şəkildə ortaya qoyur.




