Dünya Siyasət

Paşinyan “artsax”ın qapısına “sonuncu qıfılı” vurdu

Separatçıların yerləşdiyi binada axtarış aparılıb; hakimiyyət tör-töküntülərin əl-ayağını yığa biləcəkmi?

Ermənistanın “Jogovurd” qəzeti yazıb ki, dekabrın 11-də “artsax nümayəndəliyi”nin binasında axtarış aparılıb. Qəzetin yazdığına görə, İrəvanda Qarabağ separatçılarının nümayəndəliyinin ilin sonuna qədər bağlanacağı və ya müsadirə ediləcəyi ehtimal olunur. Nəşrin məlumatına görə, separatçılar nümayəndəliyin bağlanması ehtimalını, eləcə də mümkün həbsləri istisna etmirlər. Onların sözlərinə görə, hüquq-mühafizə orqanlarının əsas hədəfi keçmiş Qarabağ separatçılarının lideri Samvel Şahramanyandır. Bir gün əvvəl İstintaq Komitəsi əlavə təfərrüatlar vermədən cinayət işi çərçivəsində “zəruri istintaq hərəkətləri” apardığını elan edib. Separatçı Njde İskandaryan bildirib ki, müstəntiqlər dörd saatdan çox davam edən axtarışlardan sonra kompüteri müsadirə ediblər. O əvvəllər qeyd edib ki, məhkəmə qərarı İstintaq Komitəsinə zəruri hallarda sənədləri müsadirə etməyə icazə verir.

Digər erməni mediası ArmLur.am da xəbər yayıb ki, ilin sonuna qədər binanı bağlamaq və ya “artsax hakimiyyəti”ni sıradan çıxarmaq hədəflənib. Qeyd olunub ki, keçmiş qondarma qurumun rəhbəri Samvel Şahramanyan ilk hədəflərdən biridir. Xatırladaq ki, İstintaq Komitəsi İrəvanın Nairi Zaryan küçəsi, 17/A ünvanında yerləşən “artsax nümayəndəliyi” nin binasında axtarış aparıb. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi cinayət işi 2025-ci ilin iyun ayında başlanıb. Kilsə ilə paralel şəkildə separatçı tör-töküntülərlə də mübarizə aparan Paşinyan hakimiyyəti seçkiyə qədər bütün əngəlləri təmizləmək niyyətindədir. Azərbaycandan sonra Ermənistan özü də mifik “artsax” ideyasını İrəvanda dəfn etməyə hazırlaşır.

Xatırladaq ki, bundan əvvəl Paşinyan dəfələrlə “artsax” mövzusuna münasibət bildirib. Ermənistan rəhbərliyi Azərbaycanın təqdim etdiyi “ev tapşırıqları”nı ləng də olsa, icra etməkdədir və başqa çıxış yolunun olmadığını anlayır. Parlament sədri Alen Simonyan da Ermənistanın Azərbacandan neft məhsulları almasını mümkün sayıb. Ancaq iqtisadi-ticari əlaqələrdən öncə atılmalı olan addımlar var, o cümlədən Ermənistan Konstitusiyasının dəyişdirilməsi, həmçinin Qarabağ erməniləri ilə bağlı absurd iddialardan imtina.   

Faktiki olaraq Bakının təklif etdiyi sülh gündəliyinə uyğun proses gedir. Paşinyan sonadək “ev tapşırıqları”nı icra edəcəkmi? O cümlədən “artsax”la bağlı… Yoxsa İrəvandakı “artsax”ın qapısının qıfılı yenidən açıla bilər?

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın “artsax”ın qapısına sonuncu qıfılı vurması təsadüfi addım deyil: “Bu, Ermənistan daxilində dəyişən siyasi nizamın açıq etirafıdır. İrəvanda ”artsax nümayəndəliyi”nin bağlanması artıq mifik ideyanın həyat dövrünün bitdiyini göstərir. Bu addım həm də Ermənistanın illərlə üzərində qurduğu separatçı narrativin öz paytaxtında çökdüyünün rəsmi təsdiqidir. Axtarışların aparılması, binanın bağlanması planı və separatçı rəhbərlərin hədəfə alınması Paşinyanın seçkiyə gedərkən “köhnə yük”dən xilas olma planıdır. Şahramanyanın növbəti hədəf kimi qeyd edilməsi Ermənistanın öz yaratdığı separatçı problemi daşıya bilmədiyini göstərir. İrəvan bu dəfə öz separatçılarını özü neytrallaşdırır və bunu açıq şəkildə edir. Paşinyanın bu davranışı həm də daxili siyasi rəqiblərinə mesajdır: “Kim köhnə xəttə qayıtmaq istəyirsə, nəticəsinə özü dözsün”. Ermənistanda revanşistlər bu prosesi xəyanət adlandırır, amma reallıq ortadadır: Ermənistan bu yükün altında əzilib. Ermənistanın illərlə fantaziya kimi qurduğu “artsax dövləti” indi sadəcə istintaq dosyesinin əlavəsinə çevrilir”. T.İsmayılov qeyd etdi ki, Paşinyan bunu həm də Qərbə loyal görünmək üçün edir, ancaq addımlar gecikmiş və yarımçıqdır: “Bu proses Azərbaycansız mümkünsüzdür, çünki Bakının 44 günlük müharibədə yaratdığı yeni reallıq Ermənistana heç bir manevr yeri qoymayıb. Azərbaycan güc tətbiqi ilə bütün xəritəni dəyişdi və Ermənistan indi sadəcə son nəticəni qəbul edir. Paşinyanın Azərbaycanın yük tranzitinə görə təşəkkür etməsi də siyasi təslimiyyətin daha yumşaq formasını xatırladır. O, regionda sabitlik mesajı verərək özünün ”sülh tərəfdarı” obrazını qorumağa çalışır. Amma keçmiş separatizm yükü aradan qalxmayınca bu obraz illüziyadan o yana keçmir”. 

STM təmsilçisi bildirdi ki, Ermənistan hökuməti sərhəddə delimitasiya ilə bağlı yayılan məlumatları təkzib etməklə həm də iç siyasətdə panikanı azaltmağa çalışır: “Zod qızıl yatağı ətrafında birgə baxış keçirilməsi isə danışıqların tam dayanmadığını göstərən siqnaldır. Əslində tərəflər müntəzəm təmasdadır, sadəcə İrəvan prosesi ictimailəşdirməkdən qorxur. Sərhədlə bağlı spekulyasiyaların artması Ermənistanın daxili siyasi böhranının göstəricisidir. Revanşistlər hər təmasa ”xəyanət” damğası vurur, hökumət isə qorxa-qorxa addımlayır. Ermənistan hökuməti seçkiyə qədər mümkün qədər az səs-küy yaratmaq istəyir, amma separatçılarla bağlı proseslər səhnəni tam silkələyir”. Siyasi şərhçi vurğuladı ki, Paşinyan “artsax ermənilərinin qayıdışı qeyri-mümkündür” deyəndə artıq reallığı qəbul etdiyini göstərdi: “O, Azərbaycanla sülh gündəliyinin konturlarını qəbul etməyə məcburdur. Bakı açıq şəkildə prosesi aparır və şərtləri diktə edən tərəfdir. Ermənistan isə sadəcə reaksiyaya məhkumdur. Azərbaycanın gücü qarşısında Paşinyanın manevr imkanları sıfıra enib. Revanşistlər hələ də ”köhnə xəritələr”lə yaşayırlar, amma geosiyasi reallıq onların nə sözünü, nə də imitasiya cəhdlərini ciddiyə alır. Ermənistan daxilində “artsax” yükünün dağılması Paşinyanın addımı kimi göstərilsə də, əslində bu, Azərbaycanın yaratdığı post-müharibə nizamının məcburi davamıdır. Revanşistlər nəinki siyasət, hətta cəmiyyət üzərində də təsir gücünü itirir. Ona görə də onlar son çırpınışlarla prosesləri sabotaj etməyə çalışırlar. Paşinyan hökuməti isə hər dəfə gecikmiş qərarlar qəbul edir və bu gecikmə həm böhranı artırır, həm də onu zəif göstərir”. İndi əsas sual budur: Paşinyan “ev tapşırığı”nı sonadək yerinə yetirəcəkmi? T.İsmayılov: “Böyük ehtimalla etməyə məcbur qalacaq, çünki başqa alternativi yoxdur. Ermənistanın ”artsax” qapısını yenidən açmaq lüksü yoxdur – nə gücü var, nə də siyasi dayağı. Azərbaycanın yaratdığı yeni regional düzən bu ideyanı tarixə gömüb. Paşinyanın bütün addımları göstərir ki, o, artıq geri dönüş xəttini çoxdan keçib. İrəvandakı “artsax qıfılı” bir dəfə açılarsa, bu, Ermənistan üçün daha böyük siyasi fəlakət demək olar. Ona görə həmin qapı açılmayacaq, əksinə, üzərinə daha ağır kilidlər vurulacaq. Ermənistan bu dəfə öz mifini özü dəfn edir, tarix isə bunu reallığa gec çatan dövlətin etirafı kimi yazır”.

Siyasi ekspertin sözlərinə görə, İrəvanda separatçıların nümayəndəliyinin bağlanacağı xəbəri əslində çoxdan yetişmiş siyasi yükün daşınmaz hala gəldiyini göstərir: “”Joxovurd”un yazdıqları təsadüfi sızma deyil, hakimiyyətin seçki ərəfəsində “köhnə xəritələrdən” qurtulmaq planının açıq siqnalıdır. Separatçıların özlərinin belə bağlanmanı və mümkün həbsləri istisna etməməsi göstərir ki, artıq müdafiə imkanları yoxdur. Ermənistanın hüquq-mühafizə orqanları aydındır ki, bu dəfə işi yarımçıq buraxmaq fikrində deyil. Samvel Şahramanyanın əsas hədəf elan edilməsi isə prosesin təkcə siyasi deyil, həm də hüquqi mərhələyə keçdiyini göstərir. Bu, illərdir Azərbaycana qarşı istifadə edilən separatçı strukturların Ermənistan üçün də təhlükəyə çevrildiyinin etirafıdır. “Zəruri istintaq hərəkətləri” ifadəsi burada çox şeyi gizlədir, amma istiqamət tam aydındır: bu şəbəkə sıradan çıxarılır. Njde İskandaryanın kompüterinin müsadirəsi və saatlarla aparılan axtarışlar isə real əməliyyatdır. Bu addımlar həm də cəmiyyətə mesajdır: “köhnə ideologiya artıq siyasi kapital gətirmir”. Ermənistan daxilində radikal dairələr bu prosesə təbii ki, “xəyanət” damğası vuracaqlar. Amma reallıq budur ki, Ermənistan bu separatçı yükü daşıdıqca həm dövlət kimi zəifləyir, həm də regionda təcrid olunur. Paşinyan hökuməti indi gecikmiş qərarları bir-bir tətbiq edərək görüntünü xilas etməyə çalışır. Bu isə həm daxili gərginliyi artırır, həm də revanşistləri daha aqressiv edir. Amma hökumətin bu dəfə geri dönüş şansı yoxdur, çünki Azərbaycan artıq oyunun qaydalarını dəyişib. Qarabağın separatçı strukturları məhv edildikdən sonra İrəvanda onların saxlanılması Ermənistan üçün daha böyük təhlükə yaradır. Məhz buna görə də hakimiyyət onları seçkiyə qədər səhnədən tam çıxarmaq istəyir. Bu, həm özlərini qorumaq, həm də Qərbə “biz müsbət dəyişirik” mesajı vermək üçündür”. Ekspertin sözlərinə görə, prosesin sürətlənməsi ondan xəbər verir ki, İrəvan köhnə ideya ilə seçkiyə getmək istəmir: “Separatçılar isə yaxşı anlayırlar ki, bu dəfə onları nə Moskva, nə də başqa qüvvələr qoruya bilməz. Ermənistanın bu addımı həm daxili hesablaşmadır, həm də Azərbaycanın yaratdığı yeni regional nizamın davamıdır. Nümayəndəliyin bağlanması yalnız simvolik addım deyil, siyasi epoxanın sonuncu səhifəsidir. İrəvan bu səhifəni çevirməyə məcburdur. Separatçıların müqavimət göstərə biləcəyi heç bir real resurs qalmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir