Bu iki kəlmə bəzən kitab dolusu hikmətdən daha çox iz buraxır insanın içində. “Adam ol!” – deyəndə məqsəd sadəcə insan surətində gəzmək deyil. Adam olmaq, xarakterdir, vicdandır, mərhəmətdir, dürüstlükdür. Adam olmaq hər kəsin edə biləcəyi bir şey deyil, amma hər kəsin etməsi gərəkən bir şeydir.
Hər insan doğular, böyüyər, yaşayır. Amma bu yaşam boyunca bəziləri adam olar, bəziləri isə yalnızca insan olaraq qalar. Çünki adam olmaq bir vəzifədir – ailəyə, cəmiyyətə, Vətənə və ən önəmlisi, öz vicdanına qarşı daşıdığın məsuliyyətin adıdır.
Adam olmaq səssizcə bir yetimin başını sığallamaqdır, heç kim görməsə də. Səni incitmiş birini bağışlamaqdır, o heç bir üzr istəməsə belə. Adam olmaq səhv etdiyini qəbul etməkdir, başqasına atmamaqdır günahı. Adam olmaq, öz maraqlarınla zidd düşsə belə doğru bildiyindən dönməməkdir.
Zaman dəyişir, insanlar dəyişir, amma adamlıq anlayışı dəyişməməlidir. Texnologiya, müasirlik, şəhər həyatı, sosial media – bunların heç biri əxlaqın, hörmətin, anlayışın yerini tuta bilməz. Qalstuk taxmaqla adam olunmur, bahalı maşında gəzən hər kəs adam deyil. Adamlıq geyimdə, görünüşdə deyil – davranışda, niyyətdə, ürəkdədir.
Bir ata oğluna miras olaraq torpaq, ev, pul deyil, adamlığı öyrətməlidir. Çünki adamlıq varsa, bunların hamısı qazanılar. Adam olmayan isə hər şeyi itirər, nə qədər varlı olsa da.
Ətrafımıza baxaq. İnsanlar var ki, gülümsəyərək yalan danışır, dost deyə sarılıb arxadan zərbə vurur. Cəmiyyətimizin problemlərinin kökündə adam olmamaq yatır. Rüşvət, haqsızlıq, nifrət, vəfasızlıq – hamısı adamlıqdan uzaq insanların işidir.
Uşaqlara hələ balacalıqdan adam olmağı öyrətmək lazımdır. Oxu, oxu deyirik – amma oxuduğundan nə anlayır? Ədəb, insanlıq, təvazö – bunları öyrətmədən təhsilin də çox mənası qalmır. Savadlı olmaq başqa şeydir, adam olmaq başqa.
Adam ol ki, arxandan yaxşı sözlər deyilsin. Adam ol ki, bir gün bu dünyadan köçəndə insanlar “çox yaxşı insan idi” desin, “varlı idi” yox. Çünki xatirədə qalacaq olan nə varın, nə malın olacaq. Sənin necə bir adam olduğun yadlarda qalacaq.
Unutma: Kimi insan var, adı var. Kimi də var ki, adı deyil, özü ad olur – adamlığı ilə.
Yazını hazırladı: Mirismayıl Xələfli jurnalist
Xeberde.az