Cəmiyyət manset Sosial

Yayda daha çox olacaq: Valideynlər bilməlidirlər ki… – Həkimdən XƏBƏRDARLIQ

Son günlər valideynlər arasında ortaq bir narahatlıq özünü göstərməkdədir: körpələrdə və azyaşlı uşaqlarda sürətlə artan ishal halları. Mövsüm dəyişiklikləri, gigiyena qaydalarına düzgün əməl olunmaması və bəzi virusların yayılması bu vəziyyəti daha da kəskinləşdirir.

Mövzu ilə bağlı xeberde.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, ishal halları yayda daha çox olacaq: “Əslində payızdan rotavirus deyilən infeksiya başlayıb, daha çox onunla bağlıdır. Qızdırma qalxır, ishal, qusma müşahidə olunur. Amma kritik vəziyyət deyil. Ölüm bəlkə də var. Virusa yoluxmamaq üçün evdən kənarda və hər yerdə gigiyenik qaydalara əməl etmək lazımdır. Bir yaşına qədər uşaqlarda, yəni südəmər dövrdə qusma və ishal müşahidə olunursa, bir dəfə belə olsa mütləq həkimə müraciət olunmalıdır. Bu mütləqdir.

Həkim uşağın müalicə metodunu seçəcək, evdə qalmalıdırmı yoxsa dərhal xəstəxanaya götürülməlidir. Çünki bu yaşda uşaqlar qusma və ishal zamanı maye itirir. Uşaq orqanizmi susuzlaşır. İtirilən mayenin yeri kompensasiya olunmalıdır. Əgər vaxtında müdaxilə olunmasa vəziyyət daha da ağırlaşa və ölümə səbəb ola bilər. Ona görə venadaxili infuziya qoyulmalıdır. 

Üç yaşına qədər uşaqlar da əgər maye içə bilmirsə, xəstəxanaya aparılmalıdır. Böyük uşaqlarda daha çox evdə müalicəyə üstünlük verilir, çünki maye qəbul edə bilir. Üç yaşından böyüklər bütün günü daim maye qəbul etməlidir. Qusmanı azaltmaq üçün müvafiq dərmanlar mövcuddur, eyni zamanda qızdırma nəzarətdə saxlanmalıdır. Həzm sisteminə kömək edən preparatlardan istifadə edilə bilər. Qidalanma isə xüsusi diqqət tələb edir: uşağın nə yediyi və nəyi yeməməli olduğu ciddi şəkildə nəzərə alınmalıdır”.

Həkimin sözlərinə görə, bunu birmənalı valideynlər bilməlidir ki, qusma, ishalı olan uşağa yumurta ilə dovğa vermək olmaz:

“Çox qəribədir ki, valideynə deyirsən, “yumurta və dovğa vermə” iki saatdan sonra zəng vurub deyir ki, “uşaq qaytardı”. Soruşanda “nə vermisən?”, deyir ki, “yumurta”. Yumurta ödqovandır. Bağırsaq onsuz da qıcıqlanıb, belə qidalarla daha da qıcıqlanır. Bu kimi başqa olmazlar da var. 

Yaşından asılı olmayaraq evdə müalicə təyin olunan uşaq əgər vəziyyət düzəlmirsə, qızdırma düşmürsə, ishal dayanmırsa, o uşaq evdə saxlanılmamalıdır.  Amma çox təəssüf ki, əvvəl əhalinin bir bəhanəsi var idi, deyirdilər “həkimlər çox pul istəyir”. İndi o yoxdur axı. İndi icbari tibbi sığorta uşaqlara da tətbiq olunub. Sadəcə şəxsiyyət vəsiqəsini göstərməklə adı sistemə düşür. Amma ümumi vəziyyət belədir ki, artıq poliklinikaların, klinikaların qapısı uşaqlar üçün açıqdır.  Ən əlçatanı isə sahə həkimidir. Digər bir reallıq var ki, nədənsə insanlar daha çox sosial mediaya yönəlirlər və orada deyilənlərə inanırlar, nəinki həkimin dediyinə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir