Dünya Gündəm Kriminal manset

Diaspor rəhbərinə 23 il tələbinə Bakıda etiraz

Rusiyada dövlət ittihamçısı Uraldakı Azərbaycan diasporunun iki cinayətdə ittiham olunan keçmiş lideri Şahin Şıxlınskinin 23 il müddətinə həbsini tələb edib.

xeberde.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Şıxlınski ilə yanaşı, Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunur. Akif Səfərovun 23, Ayaz Səfərovun 22, Kamal Səfərovun 18, Bəkir və Məzahir Səfərovların 13, Şücaəddin Rəcəbovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib. Azərbaycanlılara, xüsusən də diaspor rəhbərinə bu qədər uzun müddətə həbs tələb edilməsində sifariş, siyasi təzyiq amili rol oynayırmı?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Rusiya özünün ənənəvi primitiv metodlarından əl çəkə bilmir. Siyasi münasibətlərdə anlaşma əvəzinə yenə də zorakılığa üstünlük verir:

25c795651cde645ecaabdf752cba4825.jpg (32 KB)

“Bu da Rusiyanın heç bir problemi kökündən həll edə bilmədiyini, belə davranışları ilə onu daha da artırdığını göstərir. Ona görə də hazırda problemləri boğazına qədər qalxıb və çabalamaqdadır. Azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının əli ilə repressiya siyasəti də buna bir nümunədir. Nəhəng dövlət maşınını bir neçə nəfər azərbaycanlıya qarşı səfərbər etmək gücün nümayişi sayıla bilməz. Əksinə bu qorxaqlığın əlamətidir. Hər kəsdən əvvəl Rusiya rəhbərliyi özü bilir ki, Azərbaycan diasporunun üzvləri ilə bağlı prokurorluğun ittihamları əsassızdır, qanunsuzdur”.

Partiya sədrinin sözlərinə görə, azərbaycanlılar üzərində qurulan məhkəmə prosesi sübut edir ki, Rusiya verdiyi sözə əməl etmir:
“Ötən il Düşənbədə əldə olunan razılaşmaya ölkəmiz sadiq qaldığı halda Rusiya tərəfi məhkəmə məzhəkəsi qurur. Bu da onun etibarlı tərəfdaş olduğuna şübhə yaradır. Azərbaycan diasporunun üzvlərinə qarşı keçirilən məhkəmə prosesi tamamilə siyasi motivlidir. Rusiya bu yolla nəyəsə nail olmaq istəyirsə yanlış düşünür, özünü aldadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir