Görüşdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi, Türkiyə–Azərbaycan Universitetinin (TAU) nümayəndələri, Türkiyənin Hacettepe Universitetinin müəllim-professor heyəti, qida təhlükəsizliyi və keyfiyyət sahəsində fəaliyyət göstərən mütəxəssislər, eləcə də Milli Qida Texnologiyaları Platformasının üzvləri iştirak ediblər.
Tədbirin açılışında Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu çıxış edərək “Veysəloğlu”nun yaranma tarixi, keçdiyi inkişaf yolu və bu günə qədər əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. O, həmçinin qida sənayesində innovasiyaların tətbiqinin, elm və biznes əməkdaşlığının genişləndirilməsinin, eləcə də müasir texnologiyaların istehsalat proseslərinə inteqrasiyasının əhəmiyyətindən bəhs edib.
Daha sonra Türkiyə–Azərbaycan Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən professor Vilayət Vəliyev universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, qida texnologiyaları sahəsində elmi potensialın istehsalatla əlaqələndirilməsi və innovativ layihələrin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İnfrastrukturu barədə çıxış edən qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə Qrupun baş direktorunun müşaviri Şəhla Yusifzadə Milli Qida Texnologiyaları Platformasının əsas missiyasına uyğun olaraq dövlət, akademiya və sənaye arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, gələcəyin qida mühəndislərinin müasir qida sənayesinin tələblərinə cavab verən kompetensiyalarla yetişdirilməsi üçün tədris proqramları və sillabusların əmək bazarının real ehtiyacları əsasında formalaşdırılmasının əhəmiyyətini qeyd edib.
Çıxışdan sonra Veysəloğlu Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən Mərkəzi Sınaq Laboratoriyasının fəaliyyəti, müasir texniki imkanları və həyata keçirdiyi analiz proseslərini əks etdirən film nümayiş olunub.
Ardınca Hacettepe Universitetinin professoru Vural Gökmən Milli Qida Texnologiyaları Platformasının fəaliyyəti, əsas məqsədləri, həyata keçirdiyi layihələr və gələcək əməkdaşlıq perspektivləri barədə təqdimatla çıxış edib.
Görüş zamanı qida sənayesində innovativ yanaşmaların tətbiqi, elmi araşdırmaların istehsalata transferi, qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və sektorun inkişafına xidmət edən birgə təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin davamında iştirakçılar üçün Məmmədli Logistika Mərkəzinə infotur təşkil olunub. Qonaqlar logistika mərkəzinin fəaliyyəti, tətbiq olunan texnoloji həllər, məhsulların saxlanılması və paylanması prosesləri ilə yaxından tanış olublar.
Sonda qonaqlara Şirkətlər Qrupunun istehsalı olan hədiyyələri təqdim edilib və tədbir iştirakçılarının birgə fotosu çəkilib.
Veysəloğlu Şirkətlər Qrupu bundan sonra da elm, təhsil və sənaye arasında əməkdaşlığın gücləndirilməsinə, qida təhlükəsizliyi və keyfiyyət mədəniyyətinin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.



