İqtisadiyyat manset

Bu sahələrdə işləyənlərin kütləvi surətdə işdən çıxarılacağı gözlənilir — Səbəb

Süni intellektin tətbiqi iş dünyasında böyük dəyişikliklərə yol açır. Texnologiya nəhəngləri bu sahəyə milyardlarla dollar sərmayə yatıraraq avtomatlaşdırmanı sürətləndirir. Yaxın gələcəkdə bəzi peşələrin süni intellekt və robotlar tərəfindən əvəz olunacağı proqnozlaşdırılır.

Müştəri xidmətləri və çağrı mərkəzləri bu risklə üzləşən ilk sahələrdəndir. Hazırda bir çox şirkət müştəri sorğularını “ChatGPT” və digər səsli köməkçilər vasitəsilə cavablandırır. Bu da minlərlə çağrı mərkəzi işçisinin gələcəkdə işsiz qalmasına səbəb ola bilər.

Nəqliyyat sektorunda özünüidarə edən avtomobillər sürücülərin işinə təsir göstərir. “Tesla” və “Waymo” kimi şirkətlərin avtonom nəqliyyat vasitələri üzərindəki işi taksi, yük maşını sürücüləri və hətta pilotları əvəz edə bilər.

Maliyyə sahəsində süni intellekt artıq investisiya analizləri və kredit risklərinin qiymətləndirilməsində insanlardan daha sürətli işləyir. Bu tendensiya maliyyə məsləhətçiləri, mühasiblər və kredit ekspertləri üçün ciddi rəqabət yaradır. Media və jurnalistika sahəsində isə məqalə və hesabatların avtomatlaşdırılmış sistemlər tərəfindən yazılması redaktorların sayının azalmasına gətirib çıxara bilər.

Tibbi diaqnostika və sənaye sahələrində də oxşar proses gedir. Süni intellekt MRT və rentgen nəticələrini həkimlərdən daha tez analiz edir, robotlar isə fabrik montaj xətlərində insan əməyini əvəz edir. Təhsil platformaları da repetitorluq xidmətlərinin bir hissəsini öz üzərinə götürə bilər.

Bununla belə, ekspertlər bəzi sahələrdə insan amilinin əvəzsiz olduğunu bildirirlər. Psixologiya, hüquq, cərrahiyyə və yaradıcı sənətlər sahəsində insanların emosional intellekti, empatiya qurmaq və kritik qərar qəbul etmək bacarığı hələ uzun müddət əsas tələb kimi qalacaq.//Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir