“Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu qələbə məhz Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilib”.
xeberde.az məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələrində deyib.
Nazir qeyd edib ki, bu gün təqdim edilən büdcə layihəsi də məhz zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır. O vurğulayıb ki, növbəti ilin büdcə layihəsi də tarixi Zəfərə gətirib çıxarmış yolun davamı kimi təqdim olunur:
“Uzunmüddətli makroiqtisadi dayanıqlılığın təməl şərtləri olan strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizinə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir.
Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də nəzərə alınır və “Fitch” agentliyindən sonra cari ildə “Moody’s” tərəfindən də Azərbaycanın suveren kredit reytinqi investisiya dərəcəsinə qaldırıldı”.
Maliyyə naziri qeyd edib ki, dövlətimizin artan imkanları sosial təminatın gücləndirilməsinə, ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb:
“Ölkə başçısının təşəbbüsləri nəticəsində 2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əmək haqları, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar cənab Prezidentin əhalinin, xüsusilə sosial həssas qrupdan olan vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına göstərdiyi diqqətin növbəti təzahürüdür”.




