Hüquq

Hüquqşünas qadın həbsxanasındakı sıxlıqdan danışdı

Natiq Ələsgərov: “270 nəfərlik həbsxanada 700 nəfər saxlanılırsa, bu  təkcə Penitensiar Xidmətin məsuliyyəti deyil”

“270 nəfər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində hazırda 700-ə yaxın qadın məhbus saxlanılır. 6 nəfərlik kamerada 10, 4 nəfərlikdə isə 7 nəfər məhkum… Biz nəfəs ala bilmirik!”

Bu sözlər 4 saylı qadın cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhbusların redaksiyamıza ünvanladıqları məktubdan götürülüb. Məktubda təkcə həddindən artıq sıxlıq deyil, həm də fiziki təhlükə və hüquqların pozulması məsələləri qabardılır.

Xatırladaq ki, ötən ay 12 saylı cəzaçəkmə müəssisəsində baş verən faciədə yaşayış binasının dam örtüyü çöküb, nəticədə bir məhkum həyatını itirib. Həmin hadisədən sonra 4 saylı müəssisədə saxlanılan bir qrup qadın məhkum bizimlə əlaqə saxlayaraq oxşar təhlükənin onların da başı üzərində dolaşdığını bildiriblər.

“12 saylıda baş verən faciə bizi də qorxuya salıb. Burada da vəziyyət qənaətbəxş deyil. Nə hava normal dəyişir, nə su, nə də qida. Ən əsası isə kameralar nəfəs almağa belə imkan vermir. Əgər sabah burada da bir dam uçsa, bu artıq faciə yox, cinayət olacaq”, – deyə məhbuslardan biri qeyd edir.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bu vəziyyətin yaranmasının səbəbi  təkcə qadın cinayətlərinin artması ilə bağlı deyil:

“Cinayət törədən qadınların sayı artmayıb. Əksinə, bəzi statistik göstəricilər qadınların azadlıqdan məhrum etmə cəzasına daha tez məruz qaldığını ortaya qoyur. Yəni alternativ cəza formalarına kifayət qədər üstünlük verilmir. Dolayısıyla bu, cinayətkarlığın yox, cinayət siyasətinin sərtləşməsinin nəticəsidir. Əgər 270 nəfərlik müəssisədə 700 qadın saxlanılırsa, bu artıq həm məhkəmə sisteminin, həm Penitensiar Xidmətin, həm də icra hakimiyyətinin üzərinə düşən böyük məsuliyyətdir. Bu, qadın məhkumların yalnız hüquqlarının deyil, həm də sağlamlıqlarının, həyatlarının təhlükə altında olması deməkdir”.

Tağı İbrahimov Çovdarov kimi həbsdən buraxıla bilər

Natiq Ələsgərov deyib ki, məsələyə hüquqi müstəvidə yanaşılsa, bu artımın bir neçə səbəbi ola bilər: “Bu gün Azərbaycanda alternativ cəza tədbirlərinin tətbiq olunmaması qabarıq hiss olunur. Ən yüngül əmələ görə şəxsin barəsində dərhal həbs qəti imkan tədbiri seçilir. Halbuki, şəxsin barəsində ev dustaqlığı, polis nəzarətinə vermə, cərimələmə və s. kimi tədbirlər də görülə bilər. Bunun əvəzində niyə qadınlara başqa cəza formaları tətbiq olunmur? Niyə ev dustaqlığı, polis nəzarətinə vermə, cərimələmə və digər azadlıqdan məhrum etməyən üsullar unudulur?  Bu gün yüzlərlə qadın yüngül iqtisadi cinayətə, azyaşlı uşağının ehtiyaclarını ödəmək üçün etdiyi hərəkətə, sosial şərtlər səbəbilə düşdüyü yola görə uzunmüddətli həbs cəzası çəkir. Onların bir qismi istintaq dövründə illərlə həbsdə saxlanılır, bu da hüquqi nonsensdir. 270 nəfərlik həbsxanada 700 nəfər saxlanılırsa, bu artıq təkcə Penitensiar Xidmətin məsuliyyəti deyil. Baş verənlər məhkəmə sisteminin, Ədliyyə Nazirliyinin, icra hakimiyyətinin və parlamentin məsuliyyəti altındadır. Bu təkcə hüquqların yox, qadınların sağlamlığının, həyatının təhlükə altına atılması deməkdir”.

Natiq Ələsgərov deyib ki, bu gün dünyanın bir çox ölkəsində qadınlara münasibətdə fərqli yanaşmalar mövcuddur: “Avropada qadınlar üçün daha çox reabilitasiya yönümlü, psixoloji və sosial yardım əsaslı cəza tədbirləri nəzərdə tutulur. Həbsxana ən son və ən ağır tədbir kimi tətbiq olunur. Bizdə isə hələ istintaq tamamlanmamış, əlində körpəsi olan qadın belə həbsdədir. Bir daha qanunvericiliyə dəyişiklik edilməli, azadlıqdan məhrumetmə yalnız son variant kimi tətbiq olunmalıdır. Qadınlar aylarla, illərlə istintaq təcridxanasında qalmalı deyil. Yeni müəssisələrin tikintisi və mövcudların təmiri təmin olunmalıdır. Ombudsman və medianın müəssisələrə daxil olub real vəziyyəti yerində görməsinə şərait yaradılmalıdır”.

Natiq Ələsgərov deyib ki, paralel olaraq profilaktik tədbirlər və sosial dəstək proqramları həyata keçirilməlidir: “Qadınlar cinayət törətməyə məcbur olmasınlar deyə əvvəlcədən sosial proqramlarla əhatə olunmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir