Cəmiyyət Gündəm

Bu taksilərin Bakıya girişinə QADAĞA QOYULUR – Önəmli AÇIQLAMA

“Bakının qeydiyyatında olan taksi Sumqayıt şəhərinə sərnişin apara biləcək, amma oradan sərnişin götürə bilməyəcək. Eyni qaydada Sumqayıt qeydiyyatında olan taksi Bakıya müştəri gətirə biləcək, lakin geri dönərkən sərnişin götürə bilməyəcək”.

Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində icazə verilməsindən danışarkən deyib. O bildirib ki, bu məsələdə əsas hədəf Bakıya əlavə sıxlıq yarada biləcək taksilərin məhdudlaşdırılmasıdır:

Paytaxtda ilk - Qadın sürücülər avtobus sükanı arxasında

Rauf Ağamirzəyev

“Hər zona üzrə hüdudlar müəyyən olunubsa, həmin çərçivədə müəyyən sayda nəqliyyat vasitəsi fəaliyyət göstərəcək. Bu ona görə edilir ki, Bakıya kənardan çox sayda avtomobil daxil olduqda əlavə yüklülük yaranmasın. Bu mövzuda taksi şirkətləri qanunvericiliyə zidd hərəkət etsələr, onların lisenziyasının ləğvinə qədər gedilə bilər. Dövlətin qaydaları hər kəsə aiddir”.

Ekspert bildirir ki, fərqli istiqamətlərdən Bakı şəhərinə gün ərzində təxminən 300 min avtomobil daxil olur:

“Bundan əlavə, Bakının özündə və ətraf ərazilərdə taksi ilə hərəkət edənlər də var. Bu isə müvafiq olaraq şəhərin küçə-yol şəbəkəsini yükləyir və müəyyən saatlarda tıxaclara səbəb olur. Ona görə də qərar verilib ki, sistem transformasiya olunsun”.

Bakı və şəhər ətrafı ərazilərin mobilliyinin inkişafı ilə bağlı dövlət proqramı da mövcuddur. Əslində, bu qaydalar artıq 2023-cü ildə qüvvəyə minib. Hazırda hiss olunan əsas dəyişiklik ondan ibarətdir ki, bu il yanvarın 1-dən etibarən kvota tətbiq olunub. Belə ki, paytaxtda yalnız Bakı qeydiyyatında olan 25 min avtomobil şəhər daxilində taksi fəaliyyəti göstərə bilər.

Sumqayıt şəhərində buraxılış kartı alan sürücü Bakıda fəaliyyət göstərərsə, bu, ümumi hərəkətliliyə təsir edər və müəyyən olunmuş kvota qaydalarını pozmuş olar. Yalnız icazə verilmiş say daxilində olan taksilər Bakıda fəaliyyət göstərə bilər. Məqsəd inzibati qaydalara uyğun olaraq hərəkəti balanslaşdırmaqdır. Bu yolla Bakıya kənardan əlavə avtomobillərin daxil olmasının qarşısı inzibati mexanizmlərlə alınır.

Rauf Ağamirzəyev əlavə edib ki, yarımdairəvi yolların tikintisindən sonra şəhərin giriş nöqtələrində avtomobillərin park edilməsi və hərəkətin ictimai nəqliyyatla davam etdirilməsi tətbiq olunacaq:

“Bu təcrübə artıq ‘Koroğlu’ metrostansiyası ətrafında tətbiq edilir. Yəni, gələcəkdə daha çox ictimai nəqliyyatdan istifadə ediləcək və taksi fəaliyyəti ilə məşğul olanlar da bu sistemə uyğunlaşmalı olacaqlar”.

Qeyd edək ki, Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində icazə veriləcək. Bununla bağlı sürücülərə artıq bildirişlər göndərilib. Qanunun tələblərinə əsasən bildirilib ki, Sumqayıt və ya Bakı ərazisində sifarişləri yalnız həmin şəhər üzrə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür.

Beləliklə, Sumqayıt üçün buraxılış kartı olmayan avtomobillər bu şəhərdə, Bakı üçün buraxılış kartı olmayan avtomobillər isə paytaxtda sifariş qəbul edə bilməyəcək. AYNA-dan Musavat.com-a bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində, hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 322.0.13-cü maddəsinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilmiş ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir