Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yeni ictimai çimərlikləri istifadəyə verib. Lakin sosial şəbəkələrdə bu addım müzakirələrə səbəb olub.
İstirahət mövsümünün bitməsinə sayılı günlər qalmış çimərliklərin istifadəyə verilməsi nə dərəcədə məqsədəuyğundur?
Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sosial şəbəkələrdə bu çimərliklərin məhz yay fəslinin son ayında istifadəyə verilməsi ilə bağlı qaldırılan məsələlərdə həqiqət payı var.
Onun sözlərinə görə, planlaşdırma elə aparılmalı idi ki, ən azı yay mövsümünün əvvəlində, təqribən may ayında bu çimərliklər vətəndaşların ixtiyarına təqdim olunsun:
“Çünki onlardan təkcə yerli sakinlər deyil, həm də xarici turistlər istifadə edirlər. Hazırda isə məlum olduğu kimi, əvvəlki çimərliklərin əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilib. Orada müvafiq qiymətlər təyin olunub. Vətəndaşlarımızın bir çox hissəsinin o qədər maddi imkanı yoxdur ki, yay mövsümündə mütəmadi olaraq həmin çimərliklərdən istifadə etsin. Bu qiymətlər insanları yay dövründə çimərliklərdən istifadədən uzaqlaşdırır.
Yalnız müəyyən bir kütlə, sosial, maddi imkanları yüksək olan insanlar və yaxud da ki, orta təbəqə bu çimərliklərdən istifadə edə bilir. Ona görə də ictimai çimərliklərin yaradılması ideyası və bunun həyata keçirməsi doğrudan da təqdirəlayiqdir. Güman edək ki, məhz zamanlamada müəyyən problem yaranıb və növbəti il üçün yəqin həmin ictimai çimərliklər elə may ayından istifadəyə veriləcək. Vətəndaşlarımız çimərliklərin xidmətindən yararlana biləcəklər. Növbəti il üçün planlaşdırıldığını ehtimal edək. Çünki sosial şəbəkələrdə qeyd olunduğu kimi, artıq yay mövsümü yekunlaşıb. Havalar artıq küləkli olmağa başlayıb. Küləkli havalarda çimərliklərdən istifadə həm uyğun deyil, həm də təhlükəlidir. Üstəlik, avqustun sonu və sentyabrın əvvəllərində çimərliklərdən istifadə faizi artıq demək olar ki, ciddi şəkildə azalır”.