Müasir dövrdə sosial media təkcə ünsiyyət vasitəsi deyil, həm də ictimai nəzarət, şəffaflıq və hesabatlılıq üçün mühüm platformaya çevrilib. Xüsusilə də dövlət məmurları və deputatlar üçün sosial media vətəndaşlarla, seçicilərlə birbaşa əlaqə qurmağın, fəaliyyətlərini ictimaiyyətə çatdırmağın və ictimai rəylə tanış olmağın effektiv yoludur.
Buna baxmayaraq, Azərbaycan Milli Məclisinin bəzi üzvləri hələ də bu imkanlardan istifadə etmir və sosial şəbəkələrdə tamamilə təmsil olunmur. Bəzi deputatların ümumiyyətlə sosial media hesabı yoxdur, bəzilərinin hesabları uzun müddətdir fəaliyyətsizdir.
xeberde.az məsələ ilə bağlı araşdırma aparıb.
Araşdırmalarımıza əsasən məlum olub ki, aşağıdakı deputatların heç bir sosial media hesabları yoxdur: Aqil Abbas, Asif Əsgərov, Bəxtiyar Əliyev, Qüdrət Həsənquliyev, Erkin Qədirli, Səttar Möhbaliyev, Elşən Musayev, Polad Bülbüloğlu, Ramid Namazov.
Bəzi deputatların sosial media hesbları olsa da, aktiv deyillər.
Milli Məclisin vitse-spikeri, deputat Əli Əhmədovun “Facebook” hesabı olsa da, o axırıncı paylaşımını 26 fevral 2021-ci ildə edib. Deputat Heydər Əsədov isə “İnstaqram” hesabında sonuncu paylaşımını 2024-cü ilin avqust ayında edib.
Deputat Anatoliy Rafelovun isə “Facebook” hesabı aktiv deyil, sonuncu paylaşım 2023-cü ildə olub. Milli Məclisin deputatı Ziyad Səmədzadənin də “Facebook” hesabı aktiv deyil. O, sonuncu dəfə 2024-cü ilin avqustunda məlumat paylaşıb.