Dünya

“Dəmir zərbə”nin düyməsi basıldı: İsrail İrana hazırdır, Trampdan açıq hədələyici mesaj

İsrailin hərbi-siyasi rəhbərliyi bölgəni yeni və son dərəcə təhlükəli mərhələyə aparan qərar qəbul edib.

xeberde.az xəbər verir ki, İsrailin hərbi kabineti İrana qarşı yeni “dəmir zərbə” adlı hərbi əməliyyatın keçirilməsini təsdiqləyib. Rəsmi Təl-Əviv əməliyyatın detalları, vaxtı və miqyası ilə bağlı susqunluq nümayiş etdirir ki, bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Məlumatlara görə, qərar İranın regional fəallığı və İsrailin milli təhlükəsizliyinə yönəlik təhdidlər fonunda verilib. Ekspertlər bildirir ki, söhbət yalnız lokal zərbələrdən deyil, mümkün genişmiqyaslı və strateji hərbi ssenarilərdən gedə bilər.

Bu gərgin fonda Vaşinqtondan gələn mesaj xüsusilə sərt səslənib. ABŞ Dövlət Departamentinin fars bölməsi X platformasındakı rəsmi hesabında açıq şəkildə bəyan edib: “Prezident Tramp – hərəkət adamıdır. Əgər bunu bilmirsinizsə, biləcəksiniz.”

Diplomatik ritorikada nadir hallarda işlədilən bu ifadə ABŞ-ın proseslərə birbaşa müdaxilə ehtimalını artıran açıq xəbərdarlıq kimi qiymətləndirilir. Analitiklərin fikrincə, İsrailin “dəmir zərbə” qərarı ilə Vaşinqtondan gələn bu mesaj sinxron şəkildə Tehrana yönəlmiş ciddi siyasi və psixoloji təzyiq elementidir.

Yaxın Şərq yenidən partlayış həddinə yaxınlaşır. Təl-Əviv və Vaşinqtondan gələn paralel siqnallar bölgədə yeni və ağır qarşıdurma mərhələsinin qaçılmaz ola biləcəyini göstərir.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir