Rusiyada hakim dairələr Venesuela prezidenti Nikolas Maduronun devrilməsinin qlobal neft qiymətlərini aşağı sala və bu prosesin Rusiya iqtisadiyyatına ciddi zərbə vura biləcəyindən narahatdır.
xeberde.az xəbər verir ki, bu barədə “BILD” rusiyalı analitiklərə istinadla yazır.
Nəşrin məlumatına görə, Venesuelada hakimiyyət dəyişikliyi baş verərsə, Birləşmiş Ştatlar ölkənin böyük, lakin indiyədək zəif mənimsənilmiş neft ehtiyatlarından istifadə edərək hasilat və ixracı qısa müddətdə artıra bilər. Bu isə qlobal bazarda qiymətlərin daha da enməsinə səbəb ola bilər.
Analitiklər bildirir ki, bu ssenari Rusiya üçün xüsusilə təhlükəlidir. Çünki Rusiya büdcəsi neft gəlirlərindən ciddi şəkildə asılıdır. Büdcədə “Urals” markalı neft üçün bir barelin qiyməti 59 dollar nəzərdə tutulsa da, faktiki qiymət hazırda 50–52 dollar səviyyəsindədir. Qiymətlərin daha da ucuzlaşması büdcə kəsiri riskini artırır.
“BILD” yazır ki, ABŞ əməliyyatından əvvəl də rusiyalı ekspertlər Moskva üçün Maduronun hakimiyyətdə qalmasının strateji əhəmiyyət daşıdığını vurğulayıblar. Kremldə həmçinin narahatlıq var ki, neft sektoruna sanksiyalar və ardınca rejim dəyişikliyi ssenarisi gələcəkdə Rusiyaya qarşı da tətbiq oluna bilər.
Nəşrin qənaətinə görə, Venesuelada baş verənlər Moskva üçün təkcə xarici siyasi məsələ deyil, birbaşa iqtisadi təhlükə kimi qiymətləndirilir.




