Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, milli kimliyimizin əsas atributlarından biri və dövlətçiliyimizin mühüm sütunudur. Tarix boyu müxtəlif siyasi və ictimai proseslərin təsiri altında formalaşan Azərbaycan dili bu gün müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi öz layiqli yerini tutmuşdur. Bu böyük tarixi nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və ona dövlət dili statusunun verilməsi istiqamətində həyata keçirilən siyasət məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti ilə bağlıdır.
XX əsrin 70-ci illərində Azərbaycan Sovet Sosialist Respublikasında milli-mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi məsələləri xüsusi əhəmiyyət kəsb edirdi. Həmin dövrdə sovet məkanında rus dilinin üstün mövqeyi müşahidə olunsa da, Heydər Əliyev Azərbaycan xalqının milli kimliyinin qorunması üçün ana dilinin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdi. Onun təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması mühüm tarixi hadisə oldu. Bu addım milli dilimizin hüquqi statusunun möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı.
Ümummilli Lider yaxşı bilirdi ki, xalqın dili onun varlığının, tarixinin və mədəniyyətinin əsas daşıyıcısıdır. Buna görə də Azərbaycan dilinin inkişafına yönəlmiş tədbirlər davamlı xarakter daşıyırdı. Təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülürdü. Heydər Əliyev müxtəlif çıxışlarında ana dilinin saflığının qorunmasının vacibliyini xüsusi vurğulayır, hər bir vətəndaşı öz dilinə hörmətlə yanaşmağa çağırırdı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Heydər Əliyev dövlət dilinin inkişafı məsələsini daim diqqət mərkəzində saxladı. Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu, müstəqil dövlətimizin milli-mənəvi əsaslarının möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri idi. Beləliklə, Azərbaycan dili ölkənin siyasi, hüquqi, iqtisadi və mədəni həyatının bütün sahələrində əsas ünsiyyət vasitəsinə çevrildi.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin inkişafına dair bir sıra mühüm fərman və sərəncamlar qəbul edilmişdir. Xüsusilə 2001-ci ildə imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi və qorunması istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Həmin il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi də ana dilimizin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin dil siyasəti uğurla davam etdirilir. Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması, onun informasiya texnologiyaları və rəqəmsal mühitdə daha geniş tətbiq olunması istiqamətində mühüm layihələr həyata keçirilir. Dövlət başçısının rəhbərliyi ilə dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində ardıcıl tədbirlər görülür.
Əliyeva Şahnaz
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı



