Füzuli rayonunda “Sağlam uşaqlar, sağlam gələcək” layihəsi çərçivəsində uşaqların ödənişsiz müayinəsi aksiyası keçirilib. İki günlik tibbi aksiya Səhiyyə Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, TƏBİB və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.
xeberde.az-ın xəbərinə görə, sosial şəbəkələrdə isə aksiya ilə bağlı narazılıqlar səsləndirilib.
İddia olunur ki, müayinənin saat 10:00-da başlayacağı bildirilsə də, valideynlər xeyli gözləməli olub.
“Müraciət edənlərin hamısına saat 10:00-da ünvanda olmaq tövsiyyə olunub. Hansı ki, müraciətlərin çoxluğunu nəzərə alaraq konkret vaxt təyin oluna bilərdi. Hazırkı mənzərə isə o deməkdir ki, bir aylıqdan 11 aylığadək bələk körpələri, eləcə də digər azyaşlı uşaqlar Füzulinin qızmar istisində saatlarla gözləməlidirlər.
Sual olunur: bu aksiyanı planlaşdıranlar bir anlıq özlərini həmin valideynlərin və ya o körpələrin yerinə qoyublarmı? Heç körpəni kənara qoyaq, sağlam bir böyük insan belə saatlarla bu istidə gözləməyə tab gətirərmi?
Əgər bu aksiya həqiqətən insanların sağlamlığı naminə təşkil olunubsa, niyə elementar təşkilatçılıq təmin edilməyib? Niyə valideynlər və azyaşlı uşaqlar belə bir əziyyətə məruz qalmalıdır? Yoxsa əsas məqsəd insanların problemini həll etmək deyil, sadəcə şəkil çəkdirib “aksiya keçirildi” görüntüsü yaratmaqdır?
Bu laqeydlik və məsuliyyətsizlik qəbulolunmazdır. Körpələri saatlarla istidə gözlətmək nə insanlığa, nə vicdana, nə də səhiyyə xidmətinin mahiyyətinə sığır.
Ümid edirəm ki, TƏBİB, Səhiyyə Nazirliyi və aksiyanın digər təşkilatçıları bu narazılığı görəcək, məsələni araşdıracaq və sağlamlığa zidd olan bu mənzərəni nizama salacaq”.
Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq həkimi Əli Quliyev Ölkə.az-a açıqlamasında deyib ki, iyulun 25-26-da təşkil olunan aksiya çərçivəsində azyaşlılar 10 uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis, eləcə də uşaq endokrinoloqu və uşaq revmatoloqu tərəfindən müayinə olunublar:
“Ümumilikdə 400-ə yaxın uşaq tibbi baxışdan keçirilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və ehtiyac yarandığı hallarda əlavə müayinə və müalicə ilə bağlı tövsiyələr verilib”.
O vurğulayıb ki, müayinələrlə yanaşı, valideynlərlə uşaqların sağlam inkişafı, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb:
“Hər 10-15 dəqiqədə bir müayinə randevuları verilirdi. Lakin randevu almadan gələn xəstə sayı da kifayət qədər çox olduğundan müəyyən sıxlıq yarandı. Bu, özündə bölgələrdə bu tip aksiyalara nə qədər ehtiyac olduğunu göstərən önəmli bir amildir.
Azərbaycan Pediatriya Cəmiyyəti regionlarda pediatrik xidmətlərin əlçatanlığının artırılması, uşaqların sağlamlığının qorunması və valideynlərin tibbi maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir”.



