Şuşa Qlobal Media Forumu qısa müddət ərzində beynəlxalq media ictimaiyyətinin böyük maraq göstərdiyi nüfuzlu platformaya çevrilmişdir. Forum hər il müxtəlif ölkələrdən jurnalistləri, media rəhbərlərini, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal informasiya mühitində aktual məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradır. Tədbirin əhatə dairəsinin ildən-ilə genişlənməsi onun beynəlxalq nüfuzunun və əhəmiyyətinin artdığını göstərir.
Bu il keçirilən Forumda dünyanın 53 ölkəsindən 160 nümayəndə iştirak edir. İştirakçılar arasında 30 xəbər agentliyinin təmsilçiləri, 60-dan çox media qurumu, həmçinin media və kommunikasiya sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın nümayəndələri yer alır. Belə geniş təmsilçilik Forumun beynəlxalq informasiya məkanında mühüm dialoq platforması kimi qəbul edildiyini və müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlığın inkişafına töhfə verdiyini nümayiş etdirir.
Son dörd il ərzində Forumun coğrafiyası daha da genişlənmişdir. Bu müddət ərzində 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşada bir araya gəlməsi tədbirin beynəlxalq səviyyədə qazandığı etimadın göstəricisidir. Müxtəlif qitələri təmsil edən jurnalistlər, redaktorlar, analitiklər və media rəhbərləri burada informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellektin mediaya təsiri, dezinformasiyaya qarşı mübarizə və müasir jurnalistikanın çağırışları kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparırlar.
Forum çərçivəsində keçirilən panel müzakirələri, açıq debatlar və ikitərəfli görüşlər iştirakçılar arasında peşəkar əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin genişlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına şərait yaradır. Eyni zamanda, qonaqlar Qarabağ və Şuşada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olur, bölgədə həyata keçirilən sosial, iqtisadi və infrastruktur layihələrini yerində müşahidə edirlər. Bu isə beynəlxalq media nümayəndələrinin obyektiv məlumat əldə etməsinə və gördüklərini dünya ictimaiyyətinə çatdırmasına imkan verir.
Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş yeri deyil, həm də beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və açıq dialoqun təşviq olunduğu mühüm platformaya çevrilmişdir. İştirakçı ölkələrin və media qurumlarının sayının hər il artması Forumun nüfuzunun davamlı yüksəldiyini göstərir. Bu tədbir Azərbaycanın beynəlxalq informasiya məkanındakı rolunu gücləndirməklə yanaşı, Şuşanın qlobal media dialoqunun aparıcı mərkəzlərindən biri kimi tanınmasına da mühüm töhfə verir.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



