Dördüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Forumdakı mesajları Azərbaycanın diplomatik fəlsəfəsini və xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlətimizin başçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi. Onun fikrincə, Azərbaycanın coğrafi mövqeyi risklərin erkən mərhələdə proqnozlaşdırılması və neytrallaşdırılmasında mühüm amildir.
Son illərdə qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər həmin mövzuların aktuallığını daha da artırıb. Bu baxımdan, əvvəlki forumlarda əsası qoyulan müzakirələrin davamı olaraq, sözügedən istiqamətlər IV Şuşa Qlobal Media Forumunun da əsas diqqət mərkəzində oldu və müasir çağırışlar kontekstində ətraflı müzakirə edildi.
Tədbir mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyirdi.
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir.
Ümid etmək olar ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artacaq, coğrafi əhatə daha da genişlənəcəkdir..
Emil Şəmmədov,
Cəlilabad RİH-nin əməkdaşı




