Müstəqilliyin ilk illərində Azərbaycan mürəkkəb siyasi və hərbi vəziyyətlə üz-üzə qalmışdı. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü davam etdiyi bir dövrdə dövlətin müdafiə sistemində ciddi çatışmazlıqlar mövcud idi. Silahlı qüvvələr vahid komandanlıq altında fəaliyyət göstərmir, müxtəlif hərbi birləşmələr ayrı-ayrı qrupların nəzarətində olurdu. Bu vəziyyət ordunun döyüş qabiliyyətinə mənfi təsir göstərir, düşmənin işğalçılıq siyasətinin daha da genişlənməsinə şərait yaradırdı. Belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, ordu quruculuğunu da əsas prioritetlərdən biri elan etdi.
Onun rəhbərliyi ilə qanunsuz silahlı dəstələr ləğv olundu, hərbi sahədə vahid idarəetmə sistemi yaradıldı və nizami ordunun formalaşdırılması istiqamətində ardıcıl islahatlara başlanıldı. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin təməli möhkəmləndirildi, ölkənin müdafiə qabiliyyətinin artırılması üçün zəruri şərait yaradıldı və gələcək hərbi uğurların əsası qoyuldu.
Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



