Məlum olduğu kimi İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. Bu səfər bir çox xüsusiyyətlərinə görə olduqca əhəmiyyətlidir. Xanım Meloni birgə mətbuat konfransında bəyan edib ki, birmənalı olaraq, əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir. İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra İtaliyanın enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir.
Bu səbəbdən 2026-cı ilin ikinci yarısında Bakıda biznes-forum təşkil etmək planlaşdırılmışdır ki, siyasi əməkdaşlıq, müəssisələr, işçilər üçün konkret fürsətlərə çevrilsin.
Bütün bunlar istər son illərdə gözəçarpan Azərbaycan sərmayələrinin İtaliyaya yatırılmasında, istərsə də Azərbaycan tərəfi üçün İtaliyanın genişmiqyaslı sərmayələrinin ayrılmasında görünür. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni deyib ki, bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. İndi yaşanılan mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.
Şahmirzə Nəsirov,
Cəlilabad RİH-nin əməkdaşı




