Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.
Möhtərəm Prezidentimizcənab İlham Əliyev deyib ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, yeddinci görüşdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq Volodimir Zelenski Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmişdi, Ukrayna Prezidenti kimi bu, birinci gəliş idi. Qarşılıql xoş münasibətlər bu gün də uğurla davam edir. Cənab İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə səfər edib. Aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.
Əməkdaşlığın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər Nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.
Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var -SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu dəfə də ətraflı müzakirə edilmişdir.
Prezident Zelenski də Azərbaycandan Ukraynaya edilən yardımlarla bağlı mövqe bildirərək bunu Azərbaycan dövləti tərəfindən Ukraynanın haqq davasının dəstəklənməsinin göstəricisi adlandırıb. Başqa sözlə Azərbaycan nə mümkündürsə onu edir və etməkdə də davam edəcək.
Günay İbrahimova,
Cəlilabad RİH-nin əməkdaşı




