Cəmiyyət

Azərbaycan-Latviya əməkdaşlıq potensialı böyükdür

          Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də respublikamıza səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir.

          Səfər çərçivəsində keçirilən biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət olmuşdur. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Bütün məsələlərdə ümumi anlayış vardır.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev öz bəyanatında qeyd edib ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Latviya Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. 1994-cü ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2005-ci ildə Azərbaycanın Baltikyanı ölkələrdə ilk səfirliyi Latviyada fəaliyyətə başlayıb. 2006-cı ildə isə Latviyanın Azərbaycandakı səfirliyi isə fəaliyyətə başlayıb.

Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq.

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.

Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər yüksək olmasa da, bu sahədə tədricən irəliləyiş əldə olunur. Latviyada 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir. Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl Latviyada olmaqdan məmnundur.

                                                                       Aydın Hüseynov,

                                                                        Siyasi şərhçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir