Enerji sahəsində əməkdaşlıq son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin ən mühüm istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə təbii qazın Avropa ölkələrinə ixracı Azərbaycanın beynəlxalq enerji bazarında rolunu xeyli artırmışdır. Bu əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə həyata keçirilən layihələr və imzalanan sazişlər nəticəsində Azərbaycanın qaz ixracının həcmi və coğrafiyası daha da genişlənmişdir.
Son dövrlərdə Azərbaycan həm qaz ixracının həcmini, həm də qaz alan ölkələrin sayını artırmağa nail olmuşdur. Hazırda Avropa İttifaqı-na üzv olan on ölkə Azərbaycan qazını qəbul edir və ümumilikdə qaz ixrac edilən ölkələrin sayı on altıya çatmışdır. Bu göstərici Azərbaycanın beynəlxalq enerji bazarında mühüm mövqe tutduğunu göstərir. Boru kəmərləri vasitəsilə bu qədər ölkəyə qaz tədarük edən dövlətlərin sayı çox azdır və bu baxımdan Azərbaycan dünyada aparıcı ölkələrdən biri hesab olunur.
Azərbaycan qazının müxtəlif ölkələrə çatdırılması bir çox dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir. Müasir dövrdə enerji təhlükəsizliyi ölkələrin iqtisadi və siyasi sabitliyi üçün əsas amillərdən biridir. Buna görə də etibarlı enerji təchizatçısı kimi Azərbaycanın rolu getdikcə daha da artır. Xüsusilə Avropa bazarı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, çünki qaz ixracının təxminən yarısı məhz Avropa ölkələrinin payına düşür. Bu isə Avropa ilə enerji əməkdaşlığının uzunmüddətli və strateji xarakter daşıdığını göstərir.
Enerji əməkdaşlığının inkişafında mühüm platformalardan biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdir. Bu toplantılar zamanı enerji layihələrinin gələcəyi, qaz tədarükünün artırılması və yeni əməkdaşlıq imkanları müzakirə olunur. Bu tədbirlərdə həm Azərbaycan, həm də Avropa ölkələrinin nümayəndələri iştirak edərək enerji sahəsində qarşılıqlı maraqları müzakirə edirlər. Belə görüşlər tərəflər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və yeni layihələrin həyata keçirilməsinə şərait yaradır.
Son illərdə Azərbaycan qaz hasilatını artırmaq istiqamətində də mühüm addımlar atır. Yeni qaz yataqlarının istismara verilməsi ölkənin enerji potensialını daha da genişləndirir. Planlara əsasən yaxın iki və ya üç il ərzində mövcud hasilat həcmi ilə müqayisədə ən azı on milyard kubmetr əlavə qazın hasil olunması nəzərdə tutulur. Bu isə Azərbaycanın ixrac imkanlarını genişləndirəcək və Avropa ölkələrinin enerji təminatında ölkənin rolunu daha da gücləndirəcək.
Bütün bu amillər göstərir ki, Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Avropa ölkələri ilə enerji sahəsində qurulan əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır və gələcəkdə daha da genişlənəcəyi gözlənilir. Qaz hasilatının artırılması, yeni yataqların istismarı və mövcud boru kəmərlərinin genişləndirilməsi Azərbaycanın enerji sektorunun inkişafına və ölkənin dünya enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı




