Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik hər bir dövlət üçün prioritet məsələlərdən biridir. Xüsusilə mürəkkəb geosiyasi mövqedə yerləşən ölkələr üçün regional təhlükəsizlik məsələsi daha böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası da yerləşdiyi strateji mövqeyə, enerji resurslarına və regionda baş verən siyasi proseslərə görə regional təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu baxımdan regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olmuşdur və bu istiqamətdə ardıcıl, düşünülmüş siyasət həyata keçirilir.
Azərbaycan Cənubi Qafqaz regionunda mühüm strateji mövqeyə malikdir. Ölkəmiz Avropa ilə Asiya arasında körpü rolunu oynayır və mühüm nəqliyyat və enerji layihələrinin mərkəzində yerləşir. Bu səbəbdən regionda sabitliyin və təhlükəsizliyin qorunması yalnız Azərbaycanın deyil, bütövlükdə regionun və beynəlxalq tərəfdaşların maraqlarına xidmət edir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
Uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasəti regional təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün pozulması regionda sabitliyin bərqərar olmasına maneə yaradırdı. Lakin Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad etmək istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və regionda yeni reallıqlar formalaşdı. Bu qələbə yalnız Azərbaycanın deyil, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm zəmin yaratdı.
Bu gün Azərbaycan regionda dayanıqlı sülhün qurulması üçün fəal təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət regional əməkdaşlığın genişləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlib. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri regionda yeni əməkdaşlıq platformalarının yaranmasına imkan yaradır.
Enerji təhlükəsizliyi də regional təhlükəsizliyin mühüm komponentlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iri layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyətə malikdir. Bu layihələr region ölkələri arasında əməkdaşlığı gücləndirir və sabitliyin qorunmasına töhfə verir.
Eyni zamanda Azərbaycan beynəlxalq təşkilatlarla və tərəfdaş ölkələrlə təhlükəsizlik sahəsində fəal əməkdaşlıq edir. Terrorizmə, ekstremizmə, transmilli cinayətkarlığa və digər qlobal təhlükələrə qarşı mübarizədə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin sülhməramlı missiyalarda iştirakı da beynəlxalq təhlükəsizliyə verilən töhfənin bariz nümunəsidir.
Nəticə etibarilə demək olar ki, regional təhlükəsizliyin təmin edilməsi Azərbaycan dövlətinin strateji prioritetlərindən biridir. Ölkəmizin həyata keçirdiyi siyasət regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına xidmət edir. Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş və sabitlik yaradan aktor kimi çıxış etməsi Cənubi Qafqazda təhlükəsizlik mühitinin möhkəmlənməsinə mühüm töhfə verir. Gələcəkdə də Azərbaycan regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasətini davam etdirəcəkdir.
Gülnarə Fərəcova
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı



