Cəmiyyət

Azərbaycan-Slovakiya əlaqələri möhkəmlənir

Prezident İlham Əliyev dekabrın 8-də Bratislavada keçirilən mətbuat konfransında bildirib ki, Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir. Ölkədə sabitlik, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir, müstəqil xarici siyasət aparır.

Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır. Bizim qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlığımız yüksək səviyyəyə qaldırıla bilər. Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik – müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə.

Düz bir ay əvvəl – noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq.

Birgə müəssisələr, birgə şirkətlər, texnologiya ötürülməsi, yəni, biz bu sahədə daha da sıx çalışmaq əzmindəyik və əlbəttə ki, digər sahələr də ola bilər. Bildiyimiz kimi, slovak şirkəti Qarabağ bölgəsində “ağıllı kənd” inşa edir. Eyni zamanda, bizim ixrac-idxal bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır. Macarıstanın “Wizz Air” şirkəti fəal şəkildə bizim ölkələri birləşdirir, uçuşları artırır. Artıq Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşlar açıla bilər.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir.

Ölkə başçısı İlham Əliyevin Slovakiyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır.

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir