Bu baxımdan, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Torpaqşünaslıq və Aqrokimya İnstitutu ölkəmizin strateji və fundamental elmi qurumlarından biri kimi xüsusi yer tutur. 1945-ci ildə yaradılan institut, Azərbaycanın ilk ixtisaslaşmış torpaqşünaslıq və aqrokimya elmi-tədqiqat mərkəzidir. Onun əsası SSRİ Elmlər Akademiyasının həqiqi üzvü D.N. Pryanişnikov, A.N. İzyumov və R. Kovalyov kimi nüfuzlu alimlərin tövsiyəsi ilə qoyulmuşdular.
Bu institutun formalaşmasında və inkişafında akademik Həsən Əliyev başda olmaqla, Cəbrayıl Hüseynov, Vladimir Volobuyev, Məmmədəmin Salayev, Spartak Əliyev, Kazım Ələkbərov, Əbdürrəhman Güləhmədov ,Qərib Məmmədov, Məhərrəm Babayev, Əlövsət Quliyev və digər görkəmli elm adamları müstəsna xidmətlər göstərmişlər.
İnstitutun əsas məqsədi – torpaq və su ehtiyatlarının səmərəli idarə olunması, aqrar sahədə elmi əsaslandırılmış qərarların verilməsinə elmi təminat vermək olmuşdur. Bu gün də institut öz bu funksiyasını yüksək səviyyədə davam etdirir və regionda bu sahədə yeganə ixtisaslaşmış elmi təşkilat statusunu qoruyur. Torpaq xəritələrinin tərtibi, aqrokimyəvi tədqiqatlar, torpaq deqradasiyasının qiymətləndirilməsi, landşaftların elmi əsaslarla öyrənilməsi və qorunması istiqamətində institutun apardığı işlər ölkə əhəmiyyətlidir. Azərbaycanın ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və ekoloji balansın qorunması məhz bu kimi elmi mərkəzlərin fəaliyyətindən asılıdır.
Torpaq bir xalqın kimliyidir, onun sabit inkişafı isə torpaq elminə söykənir. Torpaqşünaslıq və Aqrokimya İnstitutu həm elmi ənənənin daşıyıcısı, həm də bu ənənəni gələcək nəsillərə ötürən elm ocağıdır. Bu institut sadəcə bir tədqiqat müəssisəsi deyil, elmi məktəbdir, milli irsdir, strateji düşüncənin məhsuludur. Burada çalışan alimlər – gənc tədqiqatçılardan tutmuş akademik səviyyəsindəki mütəxəssislərə qədər – ölkənin torpaq və su siyasətinə bilavasitə təsir edən elmi nəticələr ortaya qoyurlar. Elmi nailiyyətləri dövlət proqramlarında, aqrar strategiyalarda, regionların inkişaf planlarında nəzərə alınır. İnstitutun 80 illik fəaliyyəti sübut edir ki, bu elm müəssisəsi olmadan ölkədə torpaq və aqrokimyəvi məsələlər üzrə davamlı inkişafdan danışmaq mümkün deyil. Bu gün dünyada su qıtlığı, torpaqların eroziyası, deqradasiya və iqlim dəyişmələri kimi çağırışlar fonunda institutun fəaliyyəti daha da həyati əhəmiyyət daşıyır. Elmi əsaslarla torpaqdan düzgün istifadə, səmərəli gübrələmə, yerli torpaq resurslarının qorunması məhz bu institutun apardığı tədqiqatlarla təmin edilir. Təsadüfi deyil ki, institutun tövsiyələri əsasında kənd təsərrüfatında məhsuldarlıq artır, torpaqlar yenidən canlandırılır və məhsul çeşidləri optimallaşdırılır. Beləliklə, institut təkcə elmi yox, həm də iqtisadi, ekoloji və sosial baxımdan da ölkəyə ölçülməz töhfələr verir.
Əminliklə demək olar ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu təkcə keçmişin mirası deyil, gələcəyin elmi təminatıdır. Onun mövcudluğu ölkə miqyasında elmi-siyasi strateji əhəmiyyət daşıyır.
Bu institutun varlığı torpağın dəyərini anlayan, onu qoruyan və gələcəyə miras buraxan bir dövlətin göstəricisidir!
Fərid Mustafayev
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu Torpaqların meliorasiya laboratoriyasının elmi işçisi
Xeberde.az