Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vyetnam News Agency” agentliyinə verdiyi müsahibə beynəlxalq miqyasda dərin maraq doğurub. Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2013-cü il tarixli 2744 saylı sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.16 may 2013-cü il tarixində Səfir A. İmanov etimadnaməsini Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truong Tan Sanga təqdim etmişdir.
18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.
2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Həmçinin Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılmışdır. Qeyd olunan qurumlar Azərbaycan ilə Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi