Xeberde.az xəbər verir ki, Son illərdə Azərbaycanın daxili turizmində yeni məkanlar, xüsusi ilə təbiətlə bağlı fotogenik məkanlar ön plana çıxmağa başlayıb. Bu sıraya daxil olan Şamaxı Lavanda bağları, həm yerli turistlərin, həm də sosial şəbəkələrdə izləyici uğrunda yarışan “influencer”lərin diqqət mərkəzinə çevrilib. Lakin bu gözəlliyin arxasında sosial və iqtisadi bir narahatlıq gizlənir: giriş qiymətinin 10 manata qalxması və bu bahalaşmanın süni şəkildə yaradılması.

Əvvəllər ya pulsuz, ya da simvolik bir məbləğ qarşılığında giriş edilən bu bağlara indi sıravi vətəndaşın ayaq basması belə lüksə çevrilib. Gəlin sual verək: bu qiyməti kim və nəyə əsasən müəyyən edib? Girişin 10 manat olması, orta statistik Azərbaycan ailəsi üçün təkcə bir ekskursiya deyil, bəzən bir günlük dolanışıq xərcidir. Dörd nəfərlik ailə üçün bu artıq 40 manat deməkdir – hələ yol, yemək və digər xərcləri nəzərə almasaq.

Bu tip süni bahalaşma, ölkənin turizm potensialına zərbə vurmaqla yanaşı, sosial təbəqələşməni də dərinləşdirir. Çünki təbiətin gözəlliyindən yalnız imkanı olanların faydalanması prinsipi turizmin mahiyyətinə ziddir. Sual yaranır: Şamaxı Lavanda bağlarını bu qədər “əlçatmaz” edənlər kimlərdir?
Bu məsələdə əsas günahkarlar, birmənalı şəkildə, sahəni özəlləşdirən və kommersiyalaşdıran qurumlar, eləcə də nəzarətsiz buraxılmış yerli icra strukturlarıdır. Belə bağlar və təbiət məkanları, əsasən, kənd ərazilərində yerləşdiyindən onların turizmə açılması yerli icmalar üçün qazanc mənbəyi olmalı idi. Lakin real mənzərə göstərir ki, burada yaranan qazanc bir ovuc sahibkar və əlaqədar şəxslər tərəfindən mənimsənilir, ictimai fayda isə minimum səviyyədədir.

İctimai nəzarətin, qiymət tənzimlənməsinin, şəffaflığın və sosial ədalətin olmadığı şəraitdə bu cür süni qiymət artımları “özfəaliyyət”in nəticəsidir. Turizm təkcə mənzərə satmaq deyil, mədəniyyət, xidmət və ədalət satmaqdır. Əgər bir yerin qiyməti onun keyfiyyəti ilə deyil, sadəcə populyarlığı ilə ölçülürsə, bu, sadəcə bazar qaydaları ilə deyil, vətəndaş hüquqları ilə də toqquşur.

Nəticə nə olmalıdır?
Təbii və ictimai sərvətlərin şəxsi gəlir mənbəyinə çevrilməsinin qarşısı alınmalı, yerli turizm siyasəti ictimai mənafeyi qoruyan formada tənzimlənməlidir. Lavanda bağları hər kəsindir – 10 manata satılan iy qoxusunun arxasında sosial ədalətsizlik və nəzarətsiz istismar dayanır.
Əgər bu cür halların qarşısı alınmazsa, ölkəmizdə “turizm” anlayışı bir müddət sonra sadəcə “bahalı foto məkanlar”a çevriləcək – və bu zaman təbiətin gözəlliyi yox, əlinizdəki cüzdanın qalınlığı sizə istiqamət verəcək

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.