AKTUAL Bölgə Gündəm

Naxçıvanı hədəf alan İran dronu: “Arash-2” təsadüfən düşə bilməz

“Arash-2” kimi uzaqmənzilli kamikadze dronların təsadüfən harasa düşməsi ehtimalı demək olar ki, yoxdur – belə sistemlər əvvəlcədən seçilmiş hədəflərə yönəldilir.

xeberde.az  xəbər verir ki, yayılan görüntülərə əsaslanaraq irəli sürülən iddialara görə, İranın Naxçıvana hücumu “Shahed” pilotsuz təyyarəsi ilə deyil, daha uzaq mənzilli “Arash-2” kamikadze pilotsuz uçuş aparatı ilə həyata keçirilib.

Hərbi mənbələr və analitiklər bildirirlər ki, söhbət İranın arsenalında ən uzun mənzilli zərbə PUA-larından biri hesab olunan modeldən gedir.

“Arash-2” İranın quru qoşunları üçün hazırlanmış kamikadze tipli pilotsuz uçuş aparatıdır. Bu kateqoriyaya aid dronlar klassik kəşfiyyat PUA-larından fərqli olaraq geri qayıtmır – aparat hədəfə çatdıqda birbaşa onun üzərinə çırpılaraq partlayır və birdəfəlik istifadə olunur.

Açıq mənbələrdə yayılan məlumatlara görə, “Arash-2” İranın daha əvvəl təqdim etdiyi “Arash” pilotsuz aparatının təkmilləşdirilmiş versiyasıdır və xüsusilə uzaq məsafələrdə yerləşən strateji hədəflərə zərbə endirmək üçün nəzərdə tutulub.

Bu dronun əsas texniki göstəriciləri belə qiymətləndirilir:

uçuş məsafəsi – təxminən 1000–2000 kilometr

döyüş başlığı – 150–260 kiloqram partlayıcı

uçuş sürəti – təxminən 180–200 km/saat

tip – kamikadze (loitering munition)

Bu parametrlər “Arash-2”ni İranın ən uzaqmənzilli hücum dronlarından birinə çevirir. Aparat adətən yük maşını üzərində yerləşdirilən mobil qurğudan buraxılır. Start zamanı qısa müddətli gücləndirici istifadə edilir, daha sonra isə dron öz mühərriki ilə uçuşu davam etdirir və peyk naviqasiyası vasitəsilə hədəfə yönəlir.

Hərbi analitiklər bildirirlər ki, bu tip sistemlərin əsas məqsədi radar stansiyaları, hava hücumundan müdafiə kompleksləri, hərbi bazalar və digər strateji obyektlərə uzaq məsafədən zərbə endirməkdir. Eyni zamanda, kamikadze dronların nisbətən ucuz olması onların kütləvi şəkildə istifadə olunaraq hava müdafiə sistemlərini yükləmək taktikasında tətbiq edilməsinə imkan verir.

Ekspertlərin diqqət çəkdiyi mühüm məqamlardan biri isə belə dronların təsadüfi şəkildə hər hansı əraziyə düşməsi ehtimalının son dərəcə aşağı olmasıdır. “Arash-2” kimi uzaqmənzilli PUA-lar buraxılışdan əvvəl proqramlaşdırılır və sistemə konkret GPS koordinatları, uçuş marşrutu və hücum nöqtəsi daxil edilir.

Bu səbəbdən yüzlərlə, hətta minlərlə kilometr məsafə qət edən belə bir aparatın “təsadüfən” hansısa istiqamətə yönəlməsi və ya harasa düşməsi hərbi baxımdan real hesab olunmur. Analitiklər qeyd edirlər ki, kamikadze dronlar adətən əvvəlcədən seçilmiş hədəflərə qarşı planlaşdırılmış əməliyyatların bir hissəsi kimi istifadə olunur.

Hadisənin detalları və hücum iddialarının bütün təfərrüatları ilə bağlı əlavə məlumatlar ortaya çıxdıqca vəziyyət daha aydın olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir