AKTUAL Gündəm manset

Eldar Əzizovun növbəti təmizə çıxma cəhdi: bütün günahlar icra başçılarında…

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Lakin paytaxtda aylardır yığılıb qalan kommunal və infrastruktur problemləri fonunda bu toplantı daha çox gecikmiş reaksiya təsiri bağışlayır. Küçələrdə su basqınları, işləməyən kanalizasiya xətləri, həllini tapmayan yol məsələləri ortada olduğu halda, məsuliyyətin indi xatırlanması suallar doğurur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rayon icra hakimiyyəti başçılarına nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmağı tapşırıb. Bəzilərinə töhmət verilib, irad bildirilib. Ancaq ortada əsas sual qalır: bu nöqsanlar yeni yaranıb, yoxsa indiyədək lazımi nəzarət mexanizmləri işləməyib? Müşavirə yaranmış narazılıqlara vaxtında deyil, artıq ictimai müzakirəyə çevriləndən sonra verilən reaksiya təsiri bağışlayır.

Danlanan icra başçılarından biri də Xəzər rayonunun rəhbəridir. Onun səlahiyyətində olan əraziyə yaxın günlərdə yolumuz düşdü. Binə qəsəbəsində apardığımız müşahidələrdə əks olunan mənzərə vəziyyətin miqyasını açıq göstərdi. Qəsəbədə demək olar ki, problemsiz küçə yoxdur. İnsanlar narazıdır. Küçələr gölməçəyə çevrilib, kanalizasiya boruları partlamış vəziyyətdədir, evlərə su verilmir. Binə qəsəbəsi faktiki olaraq elementar infrastruktur çatışmazlığı ilə üz-üzədir. Gördüyümüz mənzərə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə rəsmi sorğu ünvanladıq. Lakin günlər keçməsinə baxmayaraq, cavab verilməyib. Sorğu bir yana, ümumiyyətlə müraciətimizə münasibət bildirilməyib. Bu isə əlavə suallar yaradır: illərdir problemlər yığılıb qalırsa və yerli səviyyədə ictimai sorğulara belə reaksiya verilmirsə, məsələ yalnız töhmətlə həll oluna bilərmi?

Əgər Binə qəsəbəsindəki vəziyyət uzun illər mövcuddursa, o zaman sual açıq qalır: Bakı Şəhər İcra Hakimiyyəti bu problemləri indi görür, yoxsa görmək üçün ictimai narazılığın pik həddə çatmasını gözləmək lazım idi?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a deyib ki, paytaxtda kommunal və infrastruktur problemləri ilə bağlı keçirilən son müşavirə əslində idarəetmə sistemində mövcud olan nöqsanların dolayı etirafı kimi qiymətləndirilə bilər. Bakı Şəhər İcra Hakimiyyəti rəhbəri Eldar Əzizov tərəfindən rayon icra hakimiyyəti başçılarının tənqid edilməsi formal olaraq nəzarət mexanizmi sayılsa da, bu, eyni zamanda şəhər rəhbərliyinin öz fəaliyyətindəki boşluqları da ortaya qoyur. Biz də Bakı şəhərində yaşayırıq və nəyin necə olduğunu görürük. Bakı Şəhəri İcra Hakimiyyətinin fəaliyyətinə kənardan baxdıqda bir mənzərə formalaşır: Bakı şəhərinin icra başçısı dərsindən “2” alır. Çünki əgər bu problemlər yeni yaranmayıbsa və illərdir davam edirsə, bu, şəhər üzrə ümumi idarəetmə və koordinasiya sisteminin yetərincə effektiv qurulmadığını göstərir. Fəaliyyətin səmərəliliyi ölçülmür, KPI (Key Performance Indicators) müəyyən edilməyib. Şəhər icra hakimiyyətinin əsas funksiyalarından biri məhz rayonlar üzrə vəziyyəti əvvəlcədən izləmək, planlaşdırmanı düzgün həyata keçirmək, risk və təhdidləri vaxtında müəyyən etmək və onların idarə olunması istiqamətində nəzarət tədbirləri görməkdir. Problemlər kritik həddə çatdıqdan sonra reaksiya vermək isə daha çox gecikmiş inzibati tədbir təsiri bağışlayır.

Xatırlayırsınızsa, Bakı şəhərində güclü yağış zamanı tuneldə 2 nəfər həyatını itirmişdi. Onda da Xəzər Rayon İcra Hakimiyyətinin başçısı günahkar idi? Bu sahədə mütəxəssis kimi bütün məsuliyyətimlə qeyd edirəm ki, bu məsələlər artıq lokal xarakter daşımır, məsələ şəhər rəhbərliyi səviyyəsindədir. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı öz yerində deyil. Bu cür hadisələrin məsuliyyətini hər hansı bir rayon icra hakimiyyətinin üzərinə qoymaq nə hüquqi, nə də inzibati baxımdan əsaslı deyil. Bu baxımdan keçirilən müşavirə təkcə rayon rəhbərlərinin deyil, həm də şəhər rəhbərliyinin öz fəaliyyətinin yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu göstərir.

Mövcud vəziyyət onu deməyə əsas verir ki, paytaxtda bəzi ərazilərdə formalaşan problemlər bütövlükdə idarəetmə sistemində preventiv yanaşmanın zəif olduğunu ortaya qoyur. Bir daha deyirəm: belə olan halda bir töhmət də gərək insan özünə versin.

Asif İbrahimov hesab edir ki, əsas məsələ təkcə töhmət vermək deyil, həm də şəhər rəhbərliyinin öz üzərinə düşən strateji nəzarət və planlaşdırma funksiyasını daha effektiv şəkildə həyata keçirməsidir:

“Yalnız bu halda paytaxtda yığılıb qalan kommunal və infrastruktur problemlərinin sistemli həllinə nail olmaq mümkündür. Məsələ sistemlidir və yanaşmanın dəyişməsinə ehtiyac var. Dövlət idarəçiliyində əsas prinsip şəffaflıq, hesabatlılıq və vətəndaşa xidmət olmalıdır. Əks halda, yerli idarəetməyə inam daha da zəifləyir. Paytaxtda baş verən qanunsuzluqlar artıq adi hal kimi qəbul olunur. Ona görə də ortaya çıxan bəzi proseslərin nə ilə bağlı olduğu sual doğurur: bu, həqiqətən şəhər problemlərinin həllinə yönəlmiş addımdır, yoxsa daxili hesablaşmaların, institusional mübahisələrin əksidir?

Çətin ki bunu Bakı sakinlərinin sosial problemlərinə həssas yanaşma kimi qiymətləndirmək mümkün olsun. Əgər məqsəd doğrudan da şəhər əhalisinin rifahı olsaydı, ilk növbədə xroniki problemlər həllini tapardı: bir yağış yağanda tunellərin su altında qalması, insanların həyatının riskə düşməsi, qarlı havada yolların vaxtında təmizlənməməsi, nəqliyyat və infrastruktur çatışmazlıqları və s. Bu məsələlər illərdir gündəmdədir.

Problem isə daha sistemlidir. Nə vaxta qədər ki, dövlət idarəçiliyində real rəqabət və alternativ mövqe olmayacaq, yerli icra strukturlarında fərqli siyasi baxışların təmsilçiliyi təmin edilməyəcək, nəzarət və balans mexanizmi formalaşmayacaq – ciddi dəyişiklik gözləmək çətindir. Eyni qurumun həm planlaşdırması, həm xərcləməsi, həm də özünü yoxlaması sağlam idarəetmə modeli deyil.
Cəmiyyətin reaksiyasının zəif olması da diqqət çəkir. İnsanlar artıq bir çox hadisələri təəccübsüz qarşılayır. Bu isə ictimai etimadın və gözləntilərin azalmasından xəbər verir”.

“AĞ Partiya” başqanı Tural Abbaslı da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Azərbaycanda icra başçıları və ümumilikdə icra hakimiyyəti strukturu özünü imtiyazlı bir dövlət orqanı kimi görür. Yəni onlar təyin olunanda birinci öz ərazilərinin xəritəsini qarşılarına qoyur, boş ərazilərə baxırlar. Ardınca bahalı maşınlarıyla ərazilərini gəzməyə başlayırlar: harada tikinti var, harada tikinti üçün yerlər var, harada yarımçıq tikililər var – və bunların hamısını pula çevirməyə çalışırlar. Bu, heç kəsə sirr deyil. İcra başçıları əsasən öz şəxsi kapitalını artırmaq, varlanmaq, ailələrinin, övladlarının rifahını yaxşılaşdırmaq üçün işləyirlər. “İşləyirlər” deyəndə isə ortada gözə görünən bir iş də olmur. Dövlət tərəfindən ayrılan dotasiyaları xərcləmək və müxtəlif yollarla varlanmaq əsas istiqamətə çevrilir. Heç bir icra başçısında, icra hakimiyyəti rəhbərində, təəssüf ki, xidmət anlayışı yoxdur. Halbuki bizim işimiz rayona, şəhərə rəhbərlik etdiyimiz əraziyə xidmət göstərmək, orada yaşayan vətəndaşlara iş yerləri yaratmaq, istirahət məkanları yaratmaq, gənclərin məşğulluğunu təmin etmək olmalıdır. Amma onların belə problemləri və belə dərdləri yoxdur.

Həmin ərazilərdə yaşayan vətəndaşlara münasibət də belədir: baxaq kimə torpaq sata bilərik, kimin sənədləşməsindən nə qədər ala bilərik, ərazidə yerləşən hansı şirkətdən, hansı müəssisədən nə qədər pul toplamaq olar. Dediklərimin heç biri fantastika deyil. İstənilən vətəndaşdan soruşa bilərsiniz. Azərbaycanda xidmət anlayışı yoxdur, təəssüf ki. Bu hallar bir çox hallarda bələdiyyələrə də, icra hakimiyyətlərinə də, digər strukturlara da aiddir. Məsələ təkcə Xəzər, Sabunçu, Qaradağ, Suraxanı ilə məhdudlaşmır. Mən sualı belə qoyardım: Azərbaycanın hansı regionunda sadaladığımız problemlər yoxdur?! Hər yerdə qanunsuzluq baş alıb gedir. Ona görə də baş verənlərin nəyin görüntüsü olduğunu demək çətindir. Ola bilsin daxili hesablaşmadır, daxili mübahisələrin əksidir. Amma hesab etmirəm ki, bu, Eldar Əzizovun Bakı sakinlərinin dərdini düşünməsindən qaynaqlanır. Onun heç sakinlərin əhval-ruhiyyəsi vecinə də deyil. Şəhərdə elementar problemləri həll edə bilmirlər: bir yağış yağanda tunellərdə insanların həlak olmasının qarşısını ala bilmirlər, qar yağan kimi yolları vaxtında təmizləyə bilmirlər. Bunlardan danışmaq lazımdır. Fikir verin, cəmiyyətdə də ciddi reaksiya yaranmadı. Bu da artıq insanların öyrəşdiyini göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir