AKTUAL Cəmiyyət Hüquq

Oliqarx oğlu, vəkilləri məhkəməyə gəlmədi – 6-cı dəfə ekspertiza təyin olundu!

Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin cavabdeh olduğu iş üzrə məhkəmə prosesi keçirilib.

xeberde.az xəbər verir ki, cavabdeh Orxan İsmayılzadə, onun vəkilləri prosesə qatılmayıblar.

Hakim İkram Şirinov prosesin onların iştirakı olmadan keçirilməsi barədə qərar verib.

Məhkəmədə iştirak edən iddiaçı Fidan Abbasova qarşı tərəfin iş üzrə əvvəllər keçirilmiş məhkəmə iclaslarına qatılmadıqlarını bildirib.

Hakim iş materiallarını, cavabdeh tərəfin kassasiya şikayətində göstərdiyi xüsusatları araşdıraraq Orxan İsmayılzadənin DNT ekspertizasından keçirilməsi barədə qərar çıxarıb.

Bu, Orxan İsmayılzadənin cavabdeh olduğu iş üzrə ayrı-ayrı məhkəmə instansiyalarının çıxardığı sayca 6-cı DNT qərarıdır. Digər 5 ekspertizanın keçiriləcəyi yer və saat barədə Orxan İsmayılzadəyə məlumat verilsə də, o, həmin ekspertizalaırn işində iştriak etməyib.

Vəkilinin Ali Məhkəməyə yazdığı kassasiya şikayətində Orxan İsmayılzadənin təyin olunmuş eksperitzalardan məlumatsız olması və işin yenidən araşdırılması istənilib.

İddiaçı Fidan Abbasova Musavat.com-a deyib ki, bu günə qədər məhkəmələr 5 dəfə atalıq testi təyin edib.

39332114c67ebc1e52f2f4e01c9a5f5b.jpg (174 KB)

Orxan İsmayılzadə isə həmin ekspertizaların işinə heç bir üzrlü səbəb göstərmədən qatılmayıb.

Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə DNT testindən keçməkdan yayınmaqla vaxt uzadır.

Onun əvvəl dediklərindən sitat:

“Məhkəmələr DNT təyin edir, Orxan da testdən keçməkdən yayınır. Məhkəmələr qanunu əsas tutub qərar veriblər, Orxan İsmayılzadənin atalıq testindən yayınmasını azyaşlı qızına atalıq etməsinə razılıq olaraq qəbul ediblər. Müvafiq olaraq məhkəmə qərarı icraya yönləndirilib, azyaşlı Nilin şəxsiyyət vəsiqəsində atasının adı qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə qeydi ilə yeni şəxsiyyət vəsiqəsi verilib”.

Bundan başqa, oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin üzərinə qızı Nil İsmayılzadənin saxlanması üçün aylıq olaraq 500 manat aliment ödəməsi öhdəliyi də qoyulub. Lakin oliqarx oğlu verilmiş qərarla razılaşmayaraq Ali Məhkəməyə üz tutub. DNT testlərinin keçirilməsi haqda xəbərsiz olması əsası ilə əvvəl verilmiş qərarın ləğvini istəyib. Ali Məhkəmə oliqarx oğlunun şikayətini təmin edib və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Musavat.com-un ARAYIŞI

Bioloji qohumluğun təyini – Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.

Qeyd edək ki, Fidan Abbasova bir daha ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir