Bu gün Azərbaycan tarixinin ən möhtəşəm simalarından biri – Şah İsmayıl Xətainin doğum günüdür. 538 il əvvəl, 17 iyul 1487-ci ildə Ərdəbildə dünyaya gələn Xətai sadəcə bir hökmdar deyil, həm də güclü bir söz ustası, türk dünyasının mədəni-siyasi birləşdiricisidir.
O, 14 yaşında böyük bir imperiyanın təməlini qoydu, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırdı, xalq ədəbiyyatının ruhunu saraya gətirdi. Yazdığı şeirlər bu gün də sevgi, vətənpərvərlik, ədalət və ilahi eşq ruhunu daşıyır.
Onun yaratdığı Səfəvilər dövləti, təkcə siyasi deyil, həm də mədəni müstəvidə bizim kimliyimizin bünövrəsidir.
Mənəm Xətai, sahibim var, neyləyim
Ərziman qaldı, təqibim var, neyləyim…
Şah İsmayıl Xətai təkcə bir dövlət başçısı deyildi. O, xalqın içindən çıxmış, öz dilində danışan, öz sözünü deyən, öz millətinin dərdini yaşayan bir hökmdar idi. Hökmdarların çoxu adlarını qılıncla, torpaqla, taxtla yazır. Amma Xətai həm də qələmlə, könüllə və şeirlə yazdı adını tarixə.
1501-ci ildə Təbrizdə özünü şah elan edən İsmayıl, Səfəvilər dövlətinin əsasını qoymaqla Azərbaycan tarixində ilk mərkəzləşmiş dövlətin qurucusu oldu. Onun qurduğu dövlət bu torpaqlarda vahid dilin, vahid dinin, vahid idarəçiliyin bünövrəsini qoydu.
Onun siyasəti təkcə hərb yox, həm də mədəni ekspansiya idi. O, Azərbaycan türkcəsini saray dili etdi, ədəbiyyatı və musiqini himayə etdi, söz adamlarını qorudu, mədrəsələri genişləndirdi.
Xətai təxəllüsü ilə yazdığı şeirlər xalq arasında elə yayılmışdı ki, bəziləri onun şair olduğunu hökmdarlığından daha öncə tanımışdı. Onun şeirləri aşıqların dilində, xalq dastanlarında, zərb-məsəllərdə yaşadı.
Sözünün qüdrəti ilə silahının qüvvətini birləşdirən nadir şəxsiyyətlərdəndir. Şah İsmayıl Xətai, türk-islam mədəniyyətində Yunus Əmrə ruhunu hökmdarlıq məqamı ilə birləşdirə bilən nadir simadır.
Qılıncdan kəskindir şairin sözü,
Hər könül evinə yol tapar gözü.
Bu misralar Xətainin sözə, poeziyaya və təbliğata verdiyi önəmi göstərir. Onun sözləri sadəcə şeir yox, bir ideologiyanın daşıyıcısı idi.
Tarixi böyük şəxsiyyətlər təkcə yaratdıqları ilə yox, həm də onlara qarşı yönələn qarayaxmalarla tanınır. Şah İsmayıl Xətai kimi parlaq simaların əleyhinə yönələn iftiralar, əslində, onun ideoloji və siyasi gücündən doğan qorxunun nəticəsidir. Xətainin şiəliyi dövlət dini elan etməsi, onu Osmanlı və Sünni alim çevrələri tərəfindən “dini təfriqəçilik”də ittiham etməyə əsas verdi. Halbuki o, şiəliyi yalnız dini səbəblərlə deyil, milli birlik və siyasi müstəqillik aləti kimi seçmişdi. O, Azərbaycanda türk tayfalarını birləşdirən ideoloji çətir qurmağa çalışırdı. Osmanlı təbliğatı isə bunu təhlükə kimi qavradı. Osmanlı salnamələrində Xətaiyə “zındıq”, “rafizi”, “azğın” kimi epitetlər verilir. Bu, ideoloji müharibənin yazılı təzahürü idi. Şah İsmayılın ordusu olan Qızılbaşlar, Osmanlı sarayında təhlükəli, azğın və qanlı sekta kimi təqdim olunurdu. Halbuki onlar milli oyanışın simvolu idilər. Bu mif illərlə Osmanlı tarixşünaslığında yaşadı və sonradan Şah İsmayıla qarşı qərəzli yanaşmaların əsasını qoydu. Məsələn, Osmanlı tarixçisi İdris-i Bidlisi Xətaini “gənc, ağlını itirmiş, fanatik bir şiə” kimi təqdim edirdi. Lakin bu, siyasi təbliğatdan başqa bir şey deyildi. Bəzi Avropa və Osmanlı qaynaqlarında Xətainin “təhsilsiz, mistik lider” kimi təqdim olunması da var. Bu yanaşma onun saray təhsili yox, xalq içindən gəlməsi ilə bağlı idi. Halbuki Xətai sufi məktəbi, mədrəsə təhsili almışdı, mükəmməl farsca, ərəbcə, və türkcə bilirdi. Divanı isə sübutdur: o, filosof hökmdar idi. Şah İsmayıl Xətaiyə qarşı yönələn iftiralar dövrün ideoloji savaşlarının nəticəsi idi. O, təkcə siyasi müstəvidə yox, həm də dil, mədəniyyət, məzhəb və milli ruh uğrunda mübarizə aparan bir lider idi. Zaman keçdi – qılınclar torpağa, fitvalar kağıza qarışdı. Amma Xətainin adı, şeiri və dövlət irsi millətin yaddaşında qaldı. Tarixdə adını silmək istədilər. Amma xalq onun sözünü unutmadı.
Bu gün – 17 iyulda biz sadəcə bir doğum gününü qeyd etmirik. Biz Azərbaycançılığın, dövlətçilik ənənəsinin, dilə və ədəbiyyata sevginin təcəssümünü anırıq. Şah İsmayıl Xətai bir şəxsdən daha artıqdır – o, bir epoxanın adıdır, bir millətin dirçəliş simvoludur.