Tarixin saxtalaşdırılması yalnız ayrı-ayrı faktların dəyişdirilməsi ilə məhdudlaşmır. Bu proses bəzən müəyyən hadisələrin bilərəkdən gizlədilməsi, sənədlərin və mənbələrin birtərəfli təqdim olunması, xalqların tarixi rolunun kiçildilməsi və ya digər xalqların adına çıxılması formasında özünü göstərir. Belə yanaşmalar tarixi gerçəkliyin obyektiv qavranılmasına mane olur və cəmiyyətlər arasında yanlış təsəvvürlərin formalaşmasına zəmin yaradır.
Tarixi saxtalaşdırmanın ən təhlükəli istiqamətlərindən biri milli, etnik və irqi ayrı-seçkilik üzərində qurulan yanaşmalardır. Rasist yanaşma müəyyən xalqı, etnik qrupu və ya insan topluluğunu mənşəyinə, etnik xüsusiyyətlərinə və digər fərqlərinə görə digər insanlardan üstün və ya aşağı təqdim etməyə əsaslanır. Tarix elmi isə belə yanaşmalardan uzaq olmalı, bütün xalqların keçmişinə eyni elmi və obyektiv meyarlarla yanaşmalıdır.
Tarixi hadisələrə rasist prizmasından yanaşılması yalnız elmi prinsiplərin pozulması deyil, eyni zamanda müxtəlif xalqlar arasında qarşılıqlı hörmət və anlaşmaya mənfi təsir göstərən amildir. Hər hansı xalqın tarixinin bilərəkdən təhrif edilməsi, onun mədəni irsinin mənimsənilməsi və ya tarixi dövlətçilik ənənələrinin inkar olunması cəmiyyətin tarixi yaddaşına ciddi zərbə vura bilər.
Azərbaycan xalqının tarixinin öyrənilməsi və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qədim və zəngin dövlətçilik, mədəniyyət və ədəbiyyat ənənələrinə malik ölkədir. Müxtəlif tarixi dövrlərə aid arxeoloji materiallar, yazılı mənbələr, memarlıq abidələri, folklor nümunələri və digər maddi-mədəni irs nümunələri Azərbaycan ərazisində formalaşmış zəngin tarixi-mədəni mühit haqqında mühüm məlumatlar verir.
Tarixi həqiqətlərin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycan Respublikasında milli-mədəni irsin qorunması, tarix və mədəniyyət abidələrinin mühafizəsi, tarixi faktların araşdırılması və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu fəaliyyət milli yaddaşın qorunmasına, tarixi irsin gələcək nəsillərə çatdırılmasına və cəmiyyətin tarixə məsuliyyətli münasibətinin formalaşdırılmasına xidmət edir.
Azərbaycanın dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin milli tarixə və milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməsi mühüm yer tutur. Onun siyasi irsində milli özünüdərk, tarixi yaddaş və Azərbaycançılıq ideyası xüsusi əhəmiyyət daşıyır. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə milli tariximizin müxtəlif mərhələlərinin öyrənilməsinə, tarixi və mədəni irsin qorunmasına diqqət artırılmışdır.
Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tariximizin, milli-mədəni irsimizin və dövlətçilik ənənələrimizin qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni abidələrin bərpası, yeni arxeoloji tədqiqatların aparılması və mədəni irsin qorunması bu istiqamətdə görülən işlərin mühüm hissəsini təşkil edir.
Gülanarə Fərəcova
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı



