Azərbaycan-Özbəkistan münasibətləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin prezidentliyi dövründə məzmunlu bir yol keçib. Bu iki liderin prezidentliyi və əməkdaşlığı dövründə iki ölkənin əlaqələrində mühüm yeniliklər və nəticələr var. İki qardaş ölkənin münasibətləri siyasi dialoqdan strateji tərəfdaşlığa və müttəfiqliyə doğru yüksəlib, Əbədi Dostluq haqqında müqavilə imzalanıb: İki dövlət arasında Ali Şura və regionlararası əməkdaşlıq forumları, münasibətlərin strukturlaşması kimi real nəticələr var. Bundan başqa, iki ölkənin iqtisadiyyat, investisiya, ticarət və nəqliyyat sahələrində çoxlu sayda layihələrin həyata keçirilməsi prosesi başlayıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu səfəri də Özbəkistan-Azərbaycan əməkdaşlığının həm böyük yol keçdiyini bir daha təsdiqlədi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu səfəri əslində Avrasiyada bir çox ölkələrə maraqlı mesajlar verdi. Ən böyük mesaj bundan ibarət idi ki, bu gün Avrasiya nəqliyyat marşrutlarının formalaşmasında Azərbaycanın və Özbəkistanın bir-birinə nə qədər ehtiyacları olduğu bir daha sübut olundu. İndi hər kəs görə bilir ki, Azərbaycanın Cənub-Qərbi Asiya və Çinlə əlaqələrində, Özbəkistanın isə Avropa ilə əlaqələrində Azərbaycan olduqca əhəmiyyətli strateji körpü rolunu oynaya bilər. Azərbaycan-Özbəkistan əməkdaşlığının bir xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər inkişaf etdikcə təkcə ikitərəfli münasibətlərin mənzərəsi dəyişilmir. Eyni zamanda bütün Mərkəzi Asiyanın və Azərbaycanın vahid geosiyasi məkana çevrilməsi prosesini real olaraq ortaya qoymuş olur. Çünki bu ölkələrin rəhbərləri arasında olan münasibətlər, xarici siyasət istiqamətlərinin və maraqlarının üst-üstə düşməsi onlara həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli qlobal əməkdaşlıq müstəvilərində daha böyük nəticələr ortaya qoymaq şansları yaradır.
Hər şeydən aydın görünür ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək, səfər zamanı iki ölkə arasındakı münasibətlərə yeni impuls verəcək və dostluq əlaqələri daha da dərinləşəcək. Bu, eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Azərbaycan Prezidentinin Özbəkistana səfəri bir daha onu göstərir ki, iki ölkə arasındakı münasibətlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur. Səfər çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır
Mirfaiq Azadov,
Cəliabad RİH-nin əməkdaşı




