Laçın bu gün Azərbaycanın Zəfər tarixinin, dövlətimizin qüdrətinin və Böyük Qayıdış siyasətinin canlı təcəssümüdür. Bir vaxtlar işğalın ağır nəticələrinə məruz qalan, əhalisi doğma yurdlarından didərgin salınan bu qədim şəhər və rayon artıq tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyadır. Burada dağıntıların yerini müasir yaşayış məhəllələri, yeni yollar, məktəblər, sosial və iqtisadi obyektlər, yaşıl enerji layihələri tutur. Laçında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaratdığı yeni reallıqların ən aydın nümunələrindən birinə çevrilib.
Azərbaycanın tarixi torpaqlarından olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin salınıb, yüzlərlə hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Laçının işğalı təkcə laçınlılar üçün deyil, bütün Azərbaycan xalqı üçün ağır faciə idi. Strateji mövqeyinə görə mühüm əhəmiyyətə malik olan Laçın Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılmasına imkan verən ərazi kimi sonrakı işğalların genişlənməsində mühüm rol oynayıb. İşğal illərində Laçının maddi-mədəni irsinə də böyük ziyan vurulub. Rayonun yüzlərlə mədəniyyət, təhsil, səhiyyə, rabitə, ticarət və digər müəssisəsi dağıdılıb və talan edilib, tarixi-mədəni abidələri vandalizmə məruz qalıb. İşğalçı Ermənistan tərəfindən rayonun təbii sərvətlərinin qanunsuz istismarı, coğrafi adların dəyişdirilməsi və ərazidə qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi Laçına qarşı məqsədyönlü siyasətin tərkib hissəsi olub. Laçının işğalı həm də siyasi və hərbi baxımdan ağır nəticələr doğurub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa və Laçının itirilməsi Azərbaycanın sonrakı ərazilərinin işğalının başlanğıcı olub. Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdid formalaşdırıb.
Lakin xalqımızın iradəsi, dövlətimizin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun gücü nəticəsində bu tarixi ədalətsizlik aradan qaldırıldı. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi və bununla da dövlətimizin bu ərazilər üzərində suverenliyi tam təmin olundu. Laçının azad olunması Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə şəhər günlərinin təsis edilməsi və 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsi də bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin göstəricisidir. Artıq dördüncü dəfədir ki, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur və bu tarix hər il şəhərin keçdiyi tarixi yolu, əldə edilmiş Zəfəri və qurulan yeni həyatı xatırladır.
Bu gün Laçın artıq işğaldan azad edilmiş ərazi anlayışından daha böyük məna daşıyır. Laçın Azərbaycanın sürətli bərpa və quruculuq siyasətinin, Böyük Qayıdışın və yaşıl enerji strategiyasının ən parlaq nümunələrindən birinə çevrilib. Laçınlıların doğma yurda qayıdışı 2023-cü il mayın 28-dən başlanıb. 31 ildən sonra öz doğma torpaqlarına qayıdan sakinlər üçün burada müasir yaşayış evləri, məktəblər, uşaq bağçaları, səhiyyə və digər sosial obyektlər yaradılıb. 2026-cı ilin iyulunadək Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, 823 nəfərin, Sus kəndinə 59 ailənin, 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin, 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bu rəqəmlər Böyük Qayıdışın artıq real nəticələr verdiyini göstərir. Laçında həyat tədricən bütün sahələri ilə bərpa olunur. İnsanlar yalnız yeni evlərə köçmür, eyni zamanda doğma torpaqlarında işləyir, təhsil alır, sosial və mədəni həyatın iştirakçısına çevrilirlər.
Laçının bərpası müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan”ın təsdiq edilməsi şəhərin gələcək inkişafının uzunmüddətli və sistemli şəkildə müəyyənləşdirildiyini göstərir. Baş Planda yaşayış məhəllələri ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət, turizm və ictimai xidmət obyektlərinin yaradılması nəzərdə tutulur. Laçının dirçəlişinin mühüm istiqamətlərindən biri də enerji potensialından səmərəli istifadə və yaşıl enerjiyə keçiddir. Rayonun zəngin su ehtiyatları burada hidroenergetikanın inkişafına geniş imkanlar yaradır. Artıq Laçında bir sıra su elektrik stansiyaları fəaliyyət göstərir. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən 14,7 meqavat gücündə “Ağbulaq-1”, 14,25 meqavat gücündə “Ağbulaq-2” və 4 meqavat gücündə “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib.
2026-cı il iyulun 11-də təməli qoyulan “Həkəriçay” su anbarı layihəsi isə Laçının inkişafında yeni mərhələnin əsasını qoyan strateji layihələrdən biridir. Layihəyə əsasən Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi 90 milyon kubmetr olan su anbarının yaradılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi Laçınla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının içməli su təminatına mühüm töhfə verəcək. Beləliklə, Laçında həyata keçirilən enerji və su layihələri yalnız rayonun deyil, bütövlükdə regionun gələcək sosial-iqtisadi inkişafına xidmət edir. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir və dayanıqlı infrastrukturun yaradılmasının mühüm göstəriciləridir.
Laçının nəqliyyat imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi, çoxsaylı tunel və körpülərin inşası bölgənin nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına xidmət edir. 2025-ci il mayın 28-də istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı isə regionun nəqliyyat sisteminə mühüm yenilik gətirib. Qorçu kəndi ərazisində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Hava limanının istifadəyə verilməsi Laçının beynəlxalq nəqliyyat əlaqələrini genişləndirməklə yanaşı, turizm potensialının inkişafına da yeni imkanlar açıb.
Laçında iqtisadi fəallığın artırılması istiqamətində də mühüm addımlar atılır. “Laçın Aqro-Sənaye Parkı”nın yaradılması, mebel, tikiş, ayaqqabı, yeyinti və digər istehsal sahələrinin fəaliyyətə başlaması rayon iqtisadiyyatının formalaşmasına mühüm töhfə verir. Burada yaradılan yeni iş yerlərinin əsasən Laçın sakinlərini əhatə etməsi Böyük Qayıdışın sosial-iqtisadi əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Rayonun təbii imkanlarından istifadə etməklə kənd təsərrüfatının və turizmin inkişafı üçün də geniş şərait yaradılır. Arıçılıq, heyvandarlıq və balıqçılığın inkişafı üçün həyata keçirilən layihələr yerli iqtisadi potensialın reallaşdırılmasına xidmət edir. “Həkəri Balıq Təsərrüfatı”nın fəaliyyət göstərməsi də bu baxımdan əhəmiyyətli layihələrdəndir. Laçının turizm potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr şəhərin gələcəkdə regionun əsas turizm mərkəzlərindən birinə çevrilməsinə imkan verəcək. “Laçın” İstirahət Kompleksinin fəaliyyətə başlaması, şəhərdə bulvarın salınması, Həkəri çayında istirahət məkanlarının yaradılması və kanat yolu layihəsinin həyata keçirilməsi şəhərin turizm imkanlarını daha da genişləndirir.
Laçının mədəni həyatında da mühüm yeniliklər baş verir. “Hoçazfilm” yaradıcılıq studiyasının yaradılması Qarabağın tarixinin, mədəniyyətinin və müasir həyatının təbliği baxımından əhəmiyyətlidir. Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi isə şəhərin beynəlxalq mədəniyyət məkanında mövqeyini daha da gücləndirib. Bütün bunlar göstərir ki, Laçında aparılan quruculuq işləri yalnız binaların və yolların tikintisi ilə məhdudlaşmır. Burada yeni iqtisadi model formalaşdırılır, müasir şəhər infrastrukturu yaradılır, yaşıl enerji imkanlarından istifadə edilir, turizm və mədəniyyət potensialı inkişaf etdirilir, ən başlıcası isə insanlar öz doğma torpaqlarına qayıdırlar.
Prezident İlham Əliyevin Laçına səfərləri və burada yeni layihələrin təməlini qoyması, müxtəlif obyektlərin açılışını həyata keçirməsi bu qədim şəhərin dövlətimizin diqqətində olduğunu bir daha nümayiş etdirir. 2026-cı il iyulun 11-də Laçında keçirilən tədbirlər, “Həkəriçay” su anbarının təməlinin qoyulması və yeni su elektrik stansiyalarının istifadəyə verilməsi də rayonun inkişafında yeni mərhələnin göstəricisidir.
Bu gün Laçın 1992-ci ildə işğal nəticəsində yaşadığı faciənin deyil, 2020-ci ildə qazandığımız Zəfərin və sonrakı quruculuğun simvoludur. Burada ucaldılan hər bir yeni bina, çəkilən hər bir yol, yaradılan hər bir iş yeri və istifadəyə verilən hər bir sosial obyekt Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaratdığı yeni reallıqların ifadəsidir. Bu reallıq ondan ibarətdir ki, Azərbaycan işğaldan azad etdiyi torpaqları yalnız bərpa etmir, onları daha müasir, daha dayanıqlı və daha gözəl şəkildə yenidən qurur. Laçın bunun ən bariz nümunələrindən biridir. 26 Avqust – Laçın Şəhəri Günü bu baxımdan yalnız bir şəhərin tarixi gününün qeyd olunması deyil. Bu tarix həm də Zəfərimizin, suverenliyimizin, Böyük Qayıdışın və dirçələn Azərbaycanın rəmzidir. Dünən işğal və dağıntı ilə yadda qalan Laçın bu gün həyatın, quruculuğun, inkişafın və gələcəyə inamın ünvanına çevrilib. Laçın yenidən yaşayır, laçınlılar doğma yurdlarına qayıdır və Azərbaycanın yeni reallıqları burada gündən-günə daha aydın görünür.
Samirə Adəm qızı
Xeberde.az




