Bakıda “İdrak” liseyində müəllimə silahlı hücumla bağlı rezonans doğuran cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda açıqlanan ittihama görə, şagird müəllimin ona dərsi bilmədiyi üçün irad bildirməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib və həmin gün evdən atasına məxsus ov tüfəngini götürərək məktəbə aparıb.
xeberde.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə işə qismən qapalı baxılması barədə qərar qəbul olunub.
İclasın əvvəlində zərərçəkmiş müəllim Şəhla Kamilovanın nümayəndəsi vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib. Nümayəndə bildirib ki, əvvəlki iclaslardan sonra jurnalistlər tərəfindən zərərçəkmiş şəxsin məhkəmə binası qarşısında görüntüləri çəkilərək mediada yayımlanıb. Onun sözlərinə görə, bugünkü iclasda həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxsin ifadələri dinləniləcək və iş üzrə mühüm detallar açıqlanacaq. Buna görə də şəxsi həyatın toxunulmazlığının qorunması məqsədilə prosesin qapalı keçirilməsi məqsədəuyğun hesab olunub.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə də analoji vəsatət qaldırıb. Müdafiəçi vurğulayıb ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayıb, iş üzrə dindiriləcək 12 şahiddən 8-i isə azyaşlıdır. Vəkil əlavə edib ki, sosial şəbəkələrdə yeniyetmənin ailə üzvlərinə qarşı təhqiramiz və xoşagəlməz şərhlər yazılır və bu da onların hüquqlarına mənfi təsir göstərir.
Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi olan anası da vəsatəti dəstəkləyərək məhkəmədən prosesin qapalı keçirilməsini xahiş edib.
Dövlət ittihamçısı vəsatətlərin həllini məhkəmənin mülahizəsinə buraxıb.
Müşavirədən sonra hakimlər kollegiyası qərarı elan edib. Qərara əsasən, vəsatətlər təmin olunub və məhkəmə prosesinin qismən qapalı keçirilməsi qərara alınıb.
Məhkəmə qərarında qeyd olunub ki, ədalət mühakiməsinin maneəsiz həyata keçirilməsi, eləcə də proses iştirakçılarının, xüsusilə yetkinlik yaşına çatmayan şəxslərin sərbəst ifadə verməsinin təmin olunması məqsədilə iclas qismən qapalı keçiriləcək.
Bundan sonra media nümayəndələri və digər kənar şəxslər məhkəmə zalından çıxarılıb.
Cinayət işi materiallarına əsasən, hadisədən əvvəl müəllim Şəhla Kamilova dərsi bilmədiyi üçün şagirdə irad bildirib. İttihama görə, yeniyetmə bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirib və həmin gün evdən atası Samir Şirinovun gizlətdiyi ov tüfəngini və patron darağını götürərək məktəbə aparıb.
İstintaqın versiyasına görə, şagird məktəbin girişində çantalara nəzarətin aparılmamasından istifadə edərək silahı təhsil müəssisəsinə keçirə bilib. Daha sonra tüfəngi atəşə hazır vəziyyətə gətirib, müəllimin olduğu otağa daxil olaraq atəş açıb və hadisə yerindən uzaqlaşıb.
Xatırladaq ki, hadisə bu il fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahla müəlliməyə xəsarət yetirilməsi faktı üzrə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Şagird barəsində həbs qətimkan tədbiri seçilib, istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




