Cəmiyyət

Etibarlı tərəfdaşlığın üfüqləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə keçirilən mətbuat konfransında bildirib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.
Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır.
Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan Slovakiyanı qazla təchiz etmişdir və ölkəmiz Slovakiyanı ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resursları ilə təmin edə bilər.
Azərbaycanın zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Dövlətimizin başçısının xarici ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında sərgilədiyi yanaşma isə ölkəmizin beynəlxalq nüfuzunu günü-gündən yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb.

                                                                                                       Adil Şərbətov,     

Lənkəran Regional Qaz İstismar İdarəsi Cəlilabad rayonu üzrə texniki baxış
və təmir-bərpa xidmətinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir