Media

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, milli maraqlara əsaslanan xarici siyasət kursunun və postmünaqişə dövründə həyata keçirdiyi inkişaf strategiyasının beynəlxalq ictimaiyyətə təqdim olunduğu mühüm platforma kimi diqqət çəkib. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi forum qlobal informasiya mühitində əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regionda yaranmış yeni geosiyasi reallıqların müzakirəsi baxımından da əhəmiyyətli olub.

Forum çərçivəsində Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın regional və beynəlxalq siyasətinin əsas istiqamətləri, iqtisadi inkişaf prioritetləri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, postmünaqişə dövründə aparılan bərpa-quruculuq işləri və sülh gündəliyi ilə bağlı fikirlərini bölüşüb.

Dövlətimizin başçısı forumun artıq beynəlxalq nüfuz qazandığını qeyd edərək bildirib ki, son dörd il ərzində 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Qarabağa səfəri Azərbaycanın açıq informasiya siyasətinin göstəricisidir. Prezident vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi Qarabağda formalaşan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq dialoq, media əməkdaşlığı və qlobal müzakirələrin keçirildiyi nüfuzlu platformalardan birinə çevrilir. Bu amil Azərbaycanın suverenliyinin tam bərpa olunmasının siyasi nəticələrinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan xarici siyasətini yalnız milli maraqlar əsasında formalaşdırır və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquq prinsiplərinə üstünlük verir.

Məhz bu yanaşma ölkəmizin regionun əsas siyasi və iqtisadi aktorlarından birinə çevrilməsini təmin edib. Azərbaycanın müxtəlif siyasi və iqtisadi platformalarda etibarlı tərəfdaş kimi tanınması həyata keçirilən ardıcıl və praqmatik siyasətin nəticəsi kimi qiymətləndirilir.

Çıxış zamanı Azərbaycanın enerji diplomatiyasının uğurlarına toxunan dövlətimizin başçısı ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi qeyd edib. Bildirilib ki, son illərdə qaz ixracının artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi Azərbaycanın etibarlı enerji tərəfdaşı mövqeyini daha da möhkəmləndirib.

Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq layihələr Azərbaycanın Avrasiya məkanında mühüm tranzit və logistika mərkəzi kimi rolunu gücləndirir. Bu layihələr həm ölkəmizin iqtisadi potensialının artırılmasına, həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edir.

Forumda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələrinə də toxunulub. Qeyd edilib ki, müasir şəhər və kəndlərin salınması, yeni nəqliyyat infrastrukturu, hava limanları, sosial obyektlər və mühəndis-kommunikasiya sistemlərinin yaradılması Qarabağın ölkənin iqtisadi məkanına sürətli inteqrasiyasını təmin edir.

Böyük Qayıdış Proqramının uğurla icrası keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışını təmin etməklə yanaşı, regionun sosial-iqtisadi inkişafı üçün də yeni imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasına sadiqliyini bir daha vurğulayıb. Türkiyə ilə müttəfiqlik münasibətlərinin və Şuşa Bəyannaməsinin Cənubi Qafqazda təhlükəsizlik mühitinin möhkəmləndirilməsində mühüm rol oynadığı bildirilib.

Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin çoxtərəfli əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirilib.

Forum çərçivəsində informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və media əməkdaşlığının gücləndirilməsi məsələləri də geniş müzakirə olunub. Bildirilib ki, müasir dövrdə informasiya məkanında obyektivliyin təmin olunması beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri hesab edilir.

Bu baxımdan Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələri arasında dialoqun genişləndirilməsi və etibarlı informasiya mühitinin formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.

Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf prioritetləri sırasında müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji layihələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və regionda dayanıqlı sülhün təmin olunmasını xüsusi qeyd edib.

IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasəti, güclənən iqtisadi potensialı, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr və regional təşəbbüsləri ilə Cənubi Qafqazda və daha geniş coğrafiyada mühüm aktor kimi mövqeyini möhkəmləndirməkdə davam edir. Şuşa isə artıq təkcə tarixi Zəfərin rəmzi deyil, həm də qlobal dialoqun və beynəlxalq əməkdaşlığın yeni ünvanlarından biri kimi öz mövqeyini möhkəmləndirir.

Zamin Zeynal
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir