44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi əhəmiyyətli dərəcədə artdı. Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrildi.
Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür. Foruma ev sahibliyi edən Xankəndi – Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoludur. Artıq ənənə halını alan bu platforma təkcə media müzakirələri ilə məhdudlaşmır, həm də Azərbaycanın artan beynəlxalq təsir gücünün real təzahürlərindən birinə çevrildi. Forumda müzakirə olunan mövzular – informasiya təhlükəsizliyi, süni intellekt dövründə medianın dayanıqlılığı və rəqəmsal suverenlik qlobal çağırışlarla səsləşir. Bu isə Azərbaycanın informasiya sistemində “istehlakçı” mövqeyindən çıxaraq, “formalaşdırıcı aktor” statusu qazandığını göstərir.
Azərbaycanın həm Avropa, həm də İslam dünyası ilə paralel əlaqələr saxlaması onu unikallıq baxımından geosiyasi körpü statusuna yüksəldir. Şərq və Qərbdəki qonşularla – istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır.
Forum çərçivəsində Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolu da ön plana çəkildi. Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini möhkəmləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır.
Qaz yataqlarının işlənməsi strategiyamıza uyğun müəyyən edilmişdir. Bərpaolunan enerji mənbələri artıq bizə xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq.
Ələkbər Dövlətov,
Lənkəran Regional Qaz İstismar İdarəsi idarə
rəisinin müavini




