Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri hərbi sahədə də özünü aydın şəkildə göstərir. Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatların əsas istiqamətlərindən biri Silahlı Qüvvələrin Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması olmuşdur. Bu proses ordunun peşəkarlığının artırılmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə və döyüş qabiliyyətinin yüksəldilməsinə mühüm töhfələr vermişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar nəticəsində orduda komanda-idarəetmə sistemi müasirləşdirilmiş, NATO standartlarına uyğun fəaliyyət prinsipləri tətbiq edilmişdir. Bu istiqamətdə Türkiyənin zəngin hərbi təcrübəsindən geniş istifadə olunmuşdur.
Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri hesab edilir. Bu model peşəkar hazırlıq, yüksək intizam, müasir texnologiyaların tətbiqi və çevik idarəetmə prinsipləri ilə seçilir. Azərbaycan Ordusunda da bu prinsiplərin tətbiqi şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsinə, hərbi təhsil sisteminin inkişafına və əməliyyat imkanlarının genişlənməsinə şərait yaratmışdır.
2020-ci ildə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Müharibədən sonra aparılan islahatlar çərçivəsində komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin inkişafı və birgə hərbi təlimlərin sayının artırılması Türkiyə modelinin uğurlu tətbiqinin göstəricilərindən biridir.
Azərbaycan və Türkiyə arasında mütəmadi keçirilən birgə təlimlər, zabitlərin qarşılıqlı təcrübə mübadiləsi və hərbi təhsil sahəsində əməkdaşlıq iki qardaş ölkənin silahlı qüvvələri arasında inteqrasiyanı daha da gücləndirir. Bu əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına da mühüm töhfə verir.
Nəticə etibarilə, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, hərbi potensialının artırılmasına və milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına xidmət edən mühüm strateji istiqamətdir. “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan hərbi əməkdaşlıq gələcəkdə də uğurla davam edəcəkdir.
Gülnarə Fərəcova
Saatlı rayon Mərkəzi kitabxananın əməkdaşı




