Son vaxtlar plastik cərrahların ölkədən getməsi barədə məlumatlar yayılır. Tanınmış plastik cərrah Mübariz Məmmədli artıq Azərbaycanı tərk edib və hazırda Avropada fəaliyyət göstərir (mənbə: Yeni Sabah):
“Hazırda Avropada plastik cərrah kimi işləyirəm, beynəlxalq tibbi tədbirlərə, elmi konfranslara, tədris proqramlarına qatılıram. Peşəkar fəaliyyətim beynəlxalq səviyyədə davam etdiyi halda, Azərbaycanda həkimlərə qarşı aparılan qeyri-şəffaf və mübahisəli qərarlar ölkənin tibb sisteminin nüfuzuna mənfi təsir göstərir”.

O, sertifikasiya şəhadətnaməsinin ləğv olunmasından danışarkən deyib ki, məsələ ilə bağlı hüquqi prosedurlar tam yekunlaşmayıb.
“Bildirmək istəyirəm ki, sertifikasiya şəhadətnaməmin ləğvi ilə bağlı qərarın qanuniliyi məhkəmə mübahisəsinin predmetidir və bu məsələyə yekun hüquqi qiymət hələ verilməyib. Buna baxmayaraq, bəzi media orqanlarında sanki məsələ tam həll olunmuş kimi təqdim edilir ki, bu da ictimaiyyətdə yanlış fikir formalaşdırır”, – həkim bildirib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Mübariz Məmmədlinin plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsinin ləğv edildiyi, həmçinin məhkəmələrin onun bu qərarın ləğvi ilə bağlı iddiasını təmin etmədiyi bildirilmişdi.
Bəs həkimlərin ölkəni tərk etməsinin qarşısı necə alınmalıdır? Həkimlər öz peşə fəaliyyətlərini necə və hansı hüquqi-etik çərçivədə davam etdirməlidirlər?

Cərrah həkim, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Bu cür situasiyalar işin düzgün qurulmamasından qaynaqlanır. Bu məsələlər vaxtında, hələ kütləvi olmadan qarşısı alınmalıdır. Bu imtahanlar ləğv edilməlidir. Dünyanın hər yerində həkimlərə lisenziya verilir. Həkimin baza tibbi təhsili, rezidentura təhsili, kurslar və s. təcrübə toplaması, yəni davamlı tibbi təhsil sənədləri əsasında ona konkret ixtisas üzrə fəaliyyət göstərmək üçün müəyyən müddətə lisenziya verilir. Məsələn, 5 il, 7 il və s. Lisenziya müddəti bitdikdən sonra ona yenidən baxılır və uzadılır. Ola bilər uzadılmasın, ola bilər – bu, hansısa situasiyadan asılıdır. Amma həkimin sertifikasiyasının ləğv edilməsi üçün əsaslar olmalıdır. Sertifikasiya imtahanından keçmiş şəxsə konkret ixtisas üzrə fəaliyyət göstərmək icazəsi verilmir. Dünyanın heç yerində belə deyil. Sonda belə bir vəziyyət yaranır”.
Professor hesab edir ki, plastik cərrahiyyə ilə məşğul olmaq üçün ümumi cərrahiyyə təcrübəsi lazımdır:
“Bir, üç, beş il. Ondan sonra plastik cərrahiyyə təcrübəsi və bu şəxslərə də lisenziya bu kursları və təcrübəni keçdikdən sonra sənədlər əsasında verilir. Onda heç bir problem yaşanmır və insanlar öz fəaliyyətləri ilə məşğul olurlar. Bizdə də bu işlər belə qurulmalıdır. Əlbəttə ki, həkimlərin ölkədən getməsi yaxşı tendensiya deyil. Bəzi həkimlər plastik cərrahiyyənin gəlirli sahə olduğunu nəzərə alaraq müxtəlif yollarla bu sahəyə daxil olublar. Ona görə də lisenziya sistemi olanda artıq kimsə hansısa yollarla bu sahəyə girə bilmir, konkret faktlar, qaydalar olur”.




