Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək Ermənistanla sülh prosesi, regional əməkdaşlıq və Avropa institutlarının mövqeyi ilə bağlı mühüm mesajlar səsləndirib.
Dövlət başçısı bildirib ki, Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Cənab Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bir il əvvəl Tirana səfəri zamanı Avropa Komissiyasının sədri Ursula von der Leyen və Antonio Costa tərəfindən Ermənistan və Azərbaycanda Zirvə görüşlərinin təşkili ideyası irəli sürülüb və bu təkliflərə müsbət yanaşma sərgilənib. O, tarazlı yanaşma çərçivəsində 2028-ci ildə Zirvə toplantısının Azərbaycanda keçirilməsi təşəbbüsünü də irəli sürdüyünü və bunun qəbul olunduğunu bildirib. Prezident Ermənistanın da bu namizədliyi dəstəklədiyini vurğulayaraq bunu iki ölkə arasında sülhün real nəticəsi kimi qiymətləndirib.
Dövlət başçısı çıxışında Ermənistanla sülhün artıq faktiki reallığa çevrildiyini, son aylarda Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırıldığını, həmçinin ilk dəfə olaraq neft məhsullarının – benzin və dizelin bu ölkəyə ixracına başlanıldığını qeyd edib. Onun sözlərinə görə, bu addımlar regionda iqtisadi əlaqələrin bərpasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edir.
Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xatırladaraq, sülh sazişi üzrə irəliləyişlərin artıq praktik nəticələr verdiyini bildirib. O, Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırmasını və bunun regionda yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb.
Dövlət başçısı çıxışında bəzi Avropa təsisatlarının – xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Ermənistan–Azərbaycan sülh prosesinə münasibətdə qeyri-konstruktiv mövqe sərgilədiyini və ikili standartlara yol verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan uzun illər Avropa Şurasının üzvü olsa da, 2023-cü ildən sonra AŞPA tərəfindən nümayəndə heyətinə qarşı məhdudiyyətlər tətbiq olunub.
Prezident həmçinin Avropa Parlamentini ksenofobiya, islamofobiya, miqrasiya və digər qlobal problemləri həll etmək əvəzinə, Azərbaycan əleyhinə qətnamələr qəbul etməkdə ittiham edib. O qeyd edib ki, son beş il ərzində bu qurum tərəfindən Azərbaycanla bağlı 14 qətnamə qəbul olunub və bunun sülh prosesinə zərər vurduğu bildirilib.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və parlamentlərarası əlaqələrin məhdudlaşdırılması barədə qərar qəbul etdiyini də diqqətə çatdırıb.
Yekunda Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını vurğulayıb və Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi münasibəti ilə təbrik edib. O, regionda sülhün möhkəmlənməsi istiqamətində əldə olunan nəticələrin davamlı olacağına ümidini ifadə edib.
Ceyhun Ələsgərov
Məmmədli Bələdiyyəsinin sədri
Xeberde.az




