Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanın paytaxtı İrəvan şəhərində keçirillən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib. Dövlətimizin başçısı bəyan edib ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və ermənistanlılar üçün sülh qurulub.
Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı – benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.
Azərbaycanın təşəbbüsləri və liderliyi ilə reallaşdırılan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı regionda sabitliyi möhkəmləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və enerji təhlükəsizliyini təmin edir. Bu layihələr Azərbaycanın strateji mövqeyini gücləndirərək, Avropa və Asiya arasında qlobal dəyər zəncirinin və enerji təchizatının mühüm komponentinə çevrilir.
Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyası müsbət işlər görüb. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Bu da xalqımızın dəyərlərinə uyğundur.
Məmmədzadə Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş
müraciətləri və inzibati işlər şöbəsinin Hüquq və kadr məsələləri sektorunun müdiri




