Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olmuş güləşçilərin qəbul edilməsi ölkədə idmana verilən yüksək dəyərin və milli uğurlara göstərilən diqqətin bariz nümunəsidir. Azərbaycan Respublikasının dövlət başçısının milli komandamızın Tiranada qazandığı möhtəşəm qələbə münasibətilə səsləndirdiyi fikirlər həm idmançılar üçün böyük motivasiya, həm də cəmiyyət üçün qürur mənbəyidir.
Azərbaycan güləşçilərinin Avropa çempionatında komanda hesabında birinci yeri tutması böyük qələbədir. Bu uğur illərlə aparılan məqsədyönlü hazırlığın, güclü məşq sisteminin və idmançılarımızın əzmkarlığının məntiqi nəticəsidir. Müasir dövrdə güləş idman növündə rəqabət xeyli artmış, bir çox ölkələr bu sahəyə ciddi sərmayələr yatırmışdır. Belə bir şəraitdə zirvədə qərarlaşmaq xüsusi peşəkarlıq və iradə tələb edir.
Azərbaycan Respublikasının Prezidenti də qeyd etdiyi kimi, yarışlar olduqca gərgin keçmiş, hər bir qarşılaşma idmançılardan maksimum diqqət və fiziki hazırlıq tələb etmişdir. Azərbaycan güləşçiləri bu çətin sınaqlardan üzüağ çıxaraq həm texniki ustalıqlarını, həm də yüksək döyüş ruhlarını nümayiş etdirmişlər. Onların ədalətli mübarizədə qazandıqları qələbələr Azərbaycan idmanının gücünü bir daha sübut etmişdir.
Bu nailiyyət idman sahəsində qazanılan uğur kimi deyil, milli birliyin və qürurun göstəricisi kimi qiymətləndirilir. Güləş tarixən Azərbaycan xalqının sevdiyi və böyük ənənələrə malik olduğu idman növüdür. Bu ənənələrin davam etdirilməsi və beynəlxalq arenada uğurla təmsil olunması ölkənin idman siyasətinin düzgün istiqamətdə inkişaf etdiyini göstərir.
Dövlət başçısının idmançılarla görüşü, onların əməyinin yüksək qiymətləndirilməsi gələcək nəsil üçün də nümunə rolunu oynayır. Bu cür diqqət və qayğı gənclərin idmana marağını artırır, onları yeni qələbələrə ruhlandırır. Azərbaycan güləşçilərinin Avropa çempionatındakı uğuru isə göstərir ki, ölkəmiz idman sahəsində bundan sonra da böyük nailiyyətlər əldə etmək potensialına malikdir.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi



