Ukrayna postsovet məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biridir və bu ölkə ilə sosail-iqtisadi, təhsil, mədəniyyət sahələrindən tutmuş hərbi əməkdaşlığa qədər demək olar ki, bütün sahələr üzrə münasibətlər mövcuddur. Ukrayna Qarabağ savaşında da və savaşdan öncə də daim Azərbaycanın mövqeyini dəstəkləyən mövqe sərgiləyib. Azərbaycan da bütün bu illər ərzində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu gün də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir. Çünki Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur. Bu norma və prinsiplərdə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsi həmişə ön sırada gəlir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakıya səfəri zamanı mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı yalnız Azərbaycanın regional gündəliyini əks etdirməklə kifayətlənmədi; o, yeni qlobal əməkdaşlıq formatlarının konturlarını açıq və praqmatik dildə ifadə etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışında Azərbaycanın xarici siyasət prinsiplərini konkret kontekstdə belə formalaşdırdı: Hər bir dövlət öz qlobal təhlükəsizliyinə öz qərarları ilə töhfə verməlidir. Qloballaşmanın və çoxşaxəli təhlükəsizlik çağırışlarının hökm sürdüyü müasir dünyada suveren qərarvermə dövlətlərin öz mənafelərini qoruyan aktiv siyasi xəttidir. Prezidentin vurğuladığı bu prinsip postsovet məkanında uzun illər dominant olmuş “böyük güclərin rəqabəti” paradiqmasına alternativ kimi səsləndi. Bu yanaşma, əslində, qlobal siyasətdə seçim azadlığını həm praktik, həm də prinsipial səviyyədə qorumaq məqsədi daşıyır. Azərbaycan bu sahədə əlindən gələni edir, digər dövlətlərə də köməyini əsirgəmir.
Təsadüfi deyil ki, Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. Çünki Bakı həm Rusiya ilə münasibətləri saxlayır, həm də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Bu model Azərbaycanı sadəcə müşahidəçi yox, gələcəkdə mümkün diplomatik platforma rolunu oynaya biləcək ölkə kimi ön plana çıxarır. Dövlətimiz etimad göstərilən qonşu və etibarlı tərəf olduğunu hər zaman sübut edib.
Azərbaycan müstəqil dövlətdir və xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini digər amillərdən asılı olmayaraq, birbaşa milli maraqları əsasında qurur
Səbinə İsmayılova,
ADPU Cəlilabad filialının təbiət və sosial elmlər, onların tədrisi
texnologiyası kafedrasının müdiri




