Siyasət

İşıqdan doğan ömür

Tarixin müxtəlif mərhələlərində elə şəxsiyyətlər yetişir ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrlə məhdudlaşmır, gələcək nəsillər üçün də örnəyə çevrilir. Belə parlaq simalardan biri də Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevadır. Onun həyat yolu yalnız bir alim ömrü deyil, eyni zamanda ana qayğısının, insan sevgisinin, fədakar həkim məsuliyyətinin və yüksək ziyalılığın vəhdətidir. 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində anadan olan Zərifə xanım ziyalı ailə mühitində formalaşmış, hələ gənc yaşlarından həyatını insanlara xidmətə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı fundamental təhsil onun gələcək elmi uğurlarının əsasını qoydu. 1947-ci ildə ali təhsilini əla qiymətlərlə başa vuran gənc həkim oftalmologiya sahəsini seçərək bu istiqamətdə özünü tam şəkildə təsdiq etdi.
Onun fəaliyyətə başladığı illərdə Azərbaycanda traxoma geniş yayılmış və ciddi sosial problemə çevrilmişdi. Belə bir mürəkkəb şəraitdə Zərifə Əliyeva yalnız elmi araşdırmalarla kifayətlənmədi, bölgələrə səfərlər edərək xəstəlik ocaqlarını müəyyənləşdirdi, əhali arasında maarifləndirmə işi apardı və həkimlər üçün praktiki tövsiyələr verdi. Onun təklif etdiyi müalicə üsulları qısa müddətdə geniş tətbiq olunaraq bu təhlükəli xəstəliyin aradan qaldırılmasına mühüm töhfə verdi. Akademik Zərifə Əliyeva oftalmologiyanın müxtəlif istiqamətlərində – qlaukoma, iltihabi və virus mənşəli göz xəstəlikləri, diaqnostika sahəsində dərin tədqiqatlar aparmışdır. Lakin onun elmi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri görmə orqanının peşə patologiyasının öyrənilməsi olmuşdur. O, bu sahədə ilk dəfə sistemli tədqiqatlar apararaq yeni elmi istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Bu istiqamətdə apardığı tədqiqatların nəticəsi olaraq 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Zərifə Əliyevanın elmi irsi olduqca zəngindir. O, yüzlərlə elmi əsərin, monoqrafiyaların və dərs vəsaitlərinin müəllifi kimi tibb elminə mühüm töhfələr vermişdir. Onun “Terapevtik oftalmologiya” kimi fundamental əsərlərdə iştirakı bu gün də mütəxəssislər üçün dəyərli mənbədir. 1981-ci ildə oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi isə onun elmi fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
Zərifə xanım təkcə alim kimi deyil, həm də böyük ürək sahibi kimi yadda qalmışdır. O, insanlara yalnız tibbi yardım göstərmir, eyni zamanda onlara ümid, inam və həyat eşqi bəxş edirdi. Onun “Həkim insanın ən doğma adamıdır” fikri bu peşəyə yanaşmasının mahiyyətini aydın şəkildə ifadə edir. Onun həyatında xüsusi yer tutan məqamlardan biri də böyük dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı kimi oynadığı roldur. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. Zərifə xanım yalnız ailə başçısı deyil, həm də mənəvi dayaq, sədaqətli dost və etibarlı silahdaş idi. Ulu Öndərin gərgin və məsuliyyətli dövlətçilik fəaliyyətində möhkəm ailə mühitinin formalaşması məhz onun adı ilə bağlı idi. Bu baxımdan Zərifə Əliyevanın həyatı Azərbaycan qadınının gücünü, sədaqətini və yüksək mənəviyyatını parlaq şəkildə nümayiş etdirir. Akademik Zərifə Əliyevaın xalqımız qarşısında ən böyük mənəvi xidmətlərindən biri də tərbiyə edib böyütdüyü övlad – müasir Azərbaycanın qalib Lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. O, ana kimi övladlarına yalnız ailə dəyərlərini deyil, Vətənə bağlılığı, məsuliyyət hissini, milli ruhu və iradəni aşılamışdır. Məhz bu yüksək tərbiyənin nəticəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixi Zəfərə imza ataraq torpaqlarımızın işğaldan azad olunmasına nail oldu. Bu baxımdan Zərifə xanımın analıq missiyası təkcə ailə çərçivəsində deyil, bütövlükdə dövlət və xalq miqyasında öz bəhrəsini vermiş, onun yetişdirdiyi şəxsiyyət Azərbaycanın tarixində yeni şanlı səhifənin müəllifinə çevrilmişdir.
1985-ci il aprelin 15-də dünyasını dəyişən Zərifə Əliyeva bu gün də xalqımızın qəlbində yaşayır. Onun həyat yolu, elmi fəaliyyəti və insani keyfiyyətləri zaman keçdikcə daha da ucalır və yeni nəsillər üçün örnəyə çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Zərifə Əliyeva yalnız görkəmli alim deyil, həm də əsl insanlıq nümunəsi idi. Bu gün onun adı Azərbaycan elminin, humanizmin və fədakar xidmətin simvolu kimi yaşayır. Zərifə Əliyevanın işıq saçan ömrü bir daha sübut edir ki, insanın əsl böyüklüyü onun arxasında qoyduğu izlə ölçülür.

Samirə Hüseynova

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir