Cəmiyyət

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır.

Azərbaycan ilə Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən əsas amillərdən biridir. Bu qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada mövqelərin gücləndirilməsinə xidmət edir. 

Cənab Prezident İlham Əliyevin aprelin 6-da Tbilisiyə səfərini, burada Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlərini Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirirəm. Səfər çərçivəsində aparılan danışıqlar ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələrinin perspektivlərini də əhatə edib.

Bu səfər regionda yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan tandeminin rolunu daha da gücləndirdi. Xüsusilə nəqliyyat və logistika dəhlizlərinin inkişafı baxımından tərəflərin ortaq maraqları bir daha təsdiqləndi. Gürcüstanın Azərbaycan üçün Qərbə açılan əsas qapı olması, Azərbaycanın isə Gürcüstan üçün etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi bu əməkdaşlığın strateji mahiyyətini artırır.

Gürcüstanda çox müsbət sərmayə iqlimi mövcuddur və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. 
Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər

Səfərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi olmuşdur. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri ön planda olmuşdur. Xüsusilə enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün prioritet istiqamət olaraq qalır. Görüş zamanı alternativ enerji, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları da müzakirə olunmuşdur. Bu isə gələcəkdə iki ölkə arasında iqtisadi münasibətlərin daha da şaxələndirilməsinə şərait yaradır.

Cənab Prezident İlham Əliyevin “Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və region ölkələri bu imkanları əldən verməməlidir” fikri, yeni regional yanaşmanın ideoloji əsasını təşkil edir. Bu yanaşmaya görə sülh artıq yalnız siyasi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmamalıdır. Sülhün dayanıqlılığı onun iqtisadi əsaslarla möhkəmləndirilməsindən asılıdır.

Azərbaycan Respublikasının Prezidentinin çıxışında səsləndirilən digər mühüm tezis “Cənubi Qafqazın artıq münaqişə məkanından əməkdaşlıq məkanına çevrilməsi” haqqındadır ki, bu da regionda baş verən transformasiyanın mahiyyətini açıq şəkildə ifadə edir. Əgər əvvəlki dövrdə qarşıdurma, münaqişə və geosiyasi rəqabət dominant idisə, bu gün əməkdaşlıq, tranzit imkanları və iqtisadi inteqrasiya ön plana çıxır. Bu üç komponent Cənubi Qafqazı davamlı sülh və inkişaf məkanına çevirə biləcək əsas amillər kimi çıxış edir.

Vəliyeva Südabə

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir